Məzunlar kriminal dillə vida edir-Ağ köynək, qara mesaj

Tarix: 14:54 17.06.2025
Son zəngdə şagirdlər ağ köynəklərinə müxtəlif sözlər yazaraq bir-birilərinə xatirə buraxırlar. Lakin son illərdə bu yazılar arasında mənfi, əxlaqa və cəmiyyətə zidd ifadələrin artması diqqət çəkir. Belə ifadələr gənclərin dəyərlər sistemindəki problemlərin və sosial təsirlərin göstəricisidir. Bu hallar valideynlər, müəllimlər və cəmiyyət üçün ciddi narahatlıq doğurur. Ağ köynəklərdəki bu qara mesajlar gələcək nəsillərin formalaşmasında əhəmiyyətli təsir göstərə bilər.
Bu mövzu ilə bağlı açıqlamasında Sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a bildirib ki, bütün bunlar onu göstərir ki, biz gənclərin sosiallaşmasında əsas rol oynayan institutlar – ailə və məktəb – hələ də arzuolunan mühiti yarada bilmirik:
"Ailələr övladları ilə düzgün münasibət qura bilmir, onlara ideya və dəyərlər baxımından lazımi istiqaməti verməkdə çətinlik çəkirlər. Eyni zamanda, məktəblərin də bu sahədə ciddi məsuliyyəti var. Məktəblərdə uşaqlarla, yeniyetmələrlə və gənclərlə iş düzgün qurulmalıdır.
Lakin hesab edirəm ki, ailə və məktəbdən də daha güclü təsirə malik sosiallaşma institutu bu gün sosial media, sosial şəbəkələr və kütləvi informasiya vasitələridir. Təəssüf ki, bu platformalarda sağlam mühit formalaşdıra bilməmişik. Əgər sosial mediada, saytlarda və digər informasiya vasitələrində cinayət aləminin nümayəndələri qəhrəmanlaşdırılırsa, onlar haqqında dəbdəbəli məqalələr yazılır, paylaşımlar edilir və manşetlərdə yer alırsa, bu, gənclərin psixologiyasına mənfi təsir göstərir.
Uşaqlar və yeniyetmələr – xüsusilə də psixologiyası hələ formalaşmamış olanlar – bu insanları örnək kimi qəbul edirlər. Onlar düşünürlər ki, bu şəxslər “doğru həyat” yaşayıb, çünki media onlardan yazır və onları paylaşır. Bu isə ciddi təhlükədir. Belə hallar nəticəsində uşaqlar həmin şəxsləri özlərinə kumir seçməyə başlayırlar.
Ona görə də sosial media, sosial şəbəkələr və informasiya vasitələri "Media haqqında qanun"a ciddi şəkildə riayət etməlidir. Jurnalistlər peşə etikası prinsiplərinə əməl etməlidirlər ki, bu cür zərərli və nümunəvi olmayan paylaşımlar baş verməsin. Gənclər və yeniyetmələr media vasitəsilə mənfi nümunələrlə deyil, müsbət dəyərlərlə tanış olmalıdırlar.
İlk növbədə, biz media məkanını – o cümlədən sosial şəbəkələri – mənfi, əxlaqa zidd və kriminal informasiyalardan təmizləməliyik. Əgər sosial şəbəkələrdə və mediada kriminal aləmin nümayəndələrinin toyları, dəfn mərasimləri dəbdəbəli şəkildə təqdim olunursa, onların haqqında tərif dolu yazılar yazılırsa, bu, o deməkdir ki, uşaqlar və yeniyetmələr onlara bənzəməyə çalışacaq.
Bu necə ola bilər ki, BMT-nin iclasları mediada kifayət qədər işıqlandırılmır, amma kriminal aləmin toplantıları, görüşləri, hətta portret verilişləri mediada geniş yer tutur? Bu, yolverilməzdir!
Bugünkü Alpha-Z nəsli – daha çox smart cihazlardan və sosial şəbəkələrdən istifadə edən nəsil – nümunələri də məhz oradan götürür. Əgər belə zərərli paylaşımlar olmasa, bu nəsil də mənfi qəhrəmanları örnək seçməyəcək.
Biz çalışmalıyıq ki, mətbuat və sosial media sahəsində belə informasiyalara yer verilməsin. Cinayət aləminin nümayəndələri qəhrəmanlaşdırılmamalıdır. Çünki uşaqlar və yeniyetmələr onların davranışlarını təqlid edirlər. Məzun günlərində cinayət aləmini tərənnüm edən mahnıların səslənməsi də bu problemin bir göstəricisidir.
Buna görə də həm ailə, həm məktəb, həm də ən çox mətbuat və sosial şəbəkələr sağlam sosial mühit formalaşdırmalıdır. Sosial anemiyaya, yəni mənəvi boşluğa yol verilməməli, gənclərin və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərən məzmunlardan uzaq durulmalıdır.
Sosial şəbəkələrdə və mediada süzgəc (filtr) mexanizmi tətbiq olunmalı, mətbuatda mütəmadi monitorinqlər aparılmalıdır. Kriminal aləmi təbliğ edən yazılar, məqalələr və paylaşımlar yayan mətbuat orqanlarına və jurnalistlərə qarşı hüquqi tədbirlər görülməlidir. Nəşriyyatlar cinayətkar şəxsləri təbliğ edən materialları çap etməməlidirlər. Televiziya kanallarında belə şəxslər haqqında portret verilişləri yayımlanmamalıdır.
Uşaqlar və yeniyetmələr bu verilişləri, məqalələri oxuyanda düşünürlər ki, bu şəxslər möhtəşəm həyat yaşayıb və onlara bənzəmək lazımdır. Bu isə yolverilməzdir. Mətbuat bu məsələyə son dərəcə həssas yanaşmalıdır".
Xəlilli Nigar

Gözəllik salonlarında təhlükəli infeksiyalara yoluxma riskinin araşdırılması və məlumatlandırma məqsədilə onlayn sorğu keçirilir.