Netanyahu Trampla görüşmək üçün Vaşinqtona getmək istəyir

Bölmə: Dünya › ,
Tarix: 20:46 27.06.2025

 


Ağ Ev İsrailin Baş Naziri Benyamin Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşmək istədiyini açıqlayıb. Netanyahunun Ağ Evi ziyarət etmək istəyi ilə bağlı Trampın bu görüşə açıq olduğu, lakin tarixin hələ müəyyən edilmədiyi bildirilib.


Ağ Evin sözçüsü Karoline Leavitt gündəlik mətbuat brifinqində Yaxın Şərqdəki hadisələrlə bağlı sualları cavablandırıb. İsrailin ABŞ-ni daimi müharibəyə sürükləmək istədiyi iddialarına gəlincə, Leavitt, “Prezident Tramp ABŞ-nin yenidən bu münaqişələrə sürüklənməsini istəmir”- deyib. Trampın lazım gəldikdə güc tətbiq etməkdən çəkinmədiyini qeyd edən Leavitt, "Lakin o, artıq ABŞ-yə üstünlük verə biləcəyini və eyni zamanda sülhə nail ola biləcəyini göstərib. Bunlar zidd hədəflər deyil. Prezident Tramp qlobal sülh istəyir və hər kəs üçün sürpriz atəşkəs əldə etməyi bacarıb”.


ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun müvəffəqiyyəti ilə bağlı müzakirələrə toxunan Leavitt deyib: “Mövcud bütün kəşfiyyat məlumatlarına nəzər saldıqda, İranın nüvə obyektlərinə edilən hücumların mütləq uğurlu olduğu qənaətinə gəlirik”. Trampın “Bu, tam dağıntıdır” sözlərini xatırladan Leavitt, bu məlumatın təkcə ABŞ kəşfiyyatı tərəfindən deyil, həm də İran Xarici İşlər Nazirliyi, İsrail kəşfiyyatı və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri tərəfindən təsdiqləndiyini vurğulayıb.


CNN Türk
Əminə Əliyeva