Putin Ukrayna ilə danışıqlar mərhələsinə hazır olduğunu bildirib

Bölmə: Dünya › ,
Tarix: 21:26 27.06.2025

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların yeni mərhələsinə hazır olduğunu bəyan edib və bu proses üçün meydan yaratdığına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü ifadə edib.

 

“Belə razılaşdıq ki, bu mərhələ başa çatdıqdan sonra üçüncü raund danışıqlar keçiriləcək. Ümumilikdə, biz buna hazırıq. Sadəcə, yer və vaxt razılaşdırılmalıdır. Ümid edirəm ki, Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğan bu prosesə dəstək mövqeyində qalmaqda davam edəcək. Biz buna görə ona çox minnətdarıq. Belə bir görüşü İstanbulda keçirməyə hazırıq”, – deyə Rusiya prezidenti vurğulayıb.

 

Putin əlavə edib ki, Rusiya tərəfi Ukraynaya daha 3 min həlak olmuş hərbçinin cəsədini təhvil verməyə hazırdır. Onun sözlərinə görə, bu məsələ “problemin mahiyyətinin əhatəli müzakirəsi üçün humanitar bir addım” kimi qiymətləndirilir.

 

“Biz belə razılaşdıq ki, dəyişdirilmə (meyitlərin və ya əsirlərin) başa çatmasından və tərəfimizdən təklif olunan humanitar aksiyadan sonra, yəni həlak olmuş hərbçilərin cəsədlərinin təhvil verilməsindən sonra əlaqələri davam etdirəcəyik. Biz artıq 6 mindən çox cəsədi təhvil vermişik və daha təxminən 3 min cəsədi təhvil verməyə hazırıq. Amma bu, Ukrayna tərəfindən asılıdır – onların bu cəsədləri qəbul etməsi lazımdır”, – deyə Putin bildirib.

 

Rusiya lideri, həmçinin, iki ölkə arasında münaqişənin həlli üzrə hazırlanan memorandum layihələri barədə də danışıb və onların “tamamilə bir-birinə zidd” olduğunu qeyd edib.

 

“Mən sizə təəccüblü heç nə deməyəcəyəm. Bu, bir-birinə tam zidd olan iki fərqli memorandumlardır. Amma danışıqlar məhz bu cür ziddiyyətləri aradan qaldırmaq üçün aparılır. Onların bu qədər fərqli olması, məncə, təəccüblü deyil. Detallara varmaq istəmirəm, çünki hesab edirəm ki, danışıqların öncədən şərh olunması məqsədəuyğun deyil, hətta zərərlidir”, – deyə Putin sözlərini tamamlayıb.

 

Anadolu Agency

Ayan Əsgərova