"Aİ sammitində Qəzzadakı humanitar vəziyyətdən narahatlığımızı ifadə etdik"

Tarix: 21:32 27.06.2025
Almaniya Kansleri Fridrix Mers bəyan edib ki, Brüsseldə keçirilən Avropa İttifaqı sammitində Qəzza zolağındakı atəşkəsə nail olmaq məqsədilə İsrailə təsir imkanları ətraflı şəkildə müzakirə olunub. Onun sözlərinə görə, anklavdakı humanitar vəziyyət Avropa liderlərini ciddi şəkildə narahat edir.
“(Aİ sammitində) biz Qəzzadakı humanitar vəziyyətlə bağlı narahatlığımızı paylaşdıq. Müzakirə çərçivəsində ABŞ-lə birlikdə İsrailə necə təsir edə biləcəyimiz və atəşkəsə necə nail ola biləcəyimiz barədə müxtəlif variantlar nəzərdən keçirildi”, – deyə o, sammitdən sonra keçirilən mətbuat konfransında bildirib.
Kansler əlavə edib ki, sammitin yekun bəyanatında Avropa Şurası bütövlükdə bu istiqamətdə irəliləmək niyyətini ifadə edib və heç bir etiraz səslənməyib.
Rusiya və Ukrayna arasında davam edən münaqişəyə toxunan Mers Brüsseldə artıq qüvvədə olan Rusiya əleyhinə sanksiyaların uzadılması, eləcə də 18-ci sanksiyalar paketinin icrası məsələlərinin müzakirə olunduğunu bildirib.
O əlavə edib ki, ABŞ administrasiyasının sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövqeyi hələ də açıq olaraq qalır. “Bu suala cavab Vaşinqtonda verilməlidir. Mən yalnız onu deyə bilərəm ki, sanksiyaların sərtləşdirilməsinin lehinə olan bütün arqumentlər dəqiq və ardıcıl şəkildə təqdim olundu. Bu bir xahiş deyildi, bu, Moskvaya necə təsir göstərmək barədə aydın bir mövqenin ifadəsi idi”, – deyə kansler əlavə edib.
Anadolu Agency
Ayan Əsgərova