Korrupsiya işi təxirə salınmayacaq

Bölmə: Dünya › ,
Tarix: 22:01 27.06.2025

 

İsrail Baş Prokurorluğu, Trampın çağırışına baxmayaraq, Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə iki həftəlik təxirə salınma tələbinə rədd cavabı verib. Məhkəmə də oxşar qərar çıxarıb. Bildirilib ki, təxirə salınma üçün irəli sürülən əsaslar yetərli hesab olunmayıb.

 

The Times of Israel qəzetinin xəbərinə görə, Baş Prokurorluq ABŞ Prezidenti Donald Trampın işin ləğv edilməsinə dair çağırışından sonra Netanyahunun vəkilləri vasitəsilə etdiyi təxirə salınma müraciətini “ifadəvermə prosesinin ləng getməsi və yaxınlaşan məhkəmə tətilini əsas gətirərək rədd edib.

 

Baş Prokurorluğun cavabında deyilir: “Müraciətdə ətraflı şəkildə izah olunan əsaslar, xüsusilə tətilə yaxınlaşdığımız bir vaxtda, məhkəmə iclaslarının iki həftəlik ləğvini əsaslandırmaq üçün kifayət deyil". Netanyahunun vəzifələrini daha yaxşı yerinə yetirməsi üçün ifadəvermə qrafikində artıq dəyişikliklər edildiyi – əvvəl həftədə üç dəfə ifadə verəcəyi halda, bunun iki dəfəyə endirildiyi də xatırladılıb.

 

Kanal 12 televiziyasının xəbərinə görə, İsrailin işğalı altındakı Şərqi Qüdsdə yerləşən Qüds Bölgə Məhkəməsi də Netanyahunun təxirə salınma tələbini “hazırkı formada iclasların ləğvini əsaslandıra biləcək ətraflı bir dəlil təqdim etmədiyi” səbəbilə rədd edib.

 

Netanyahunun vəkili Amit Hadad, İrana edilən hücumlardan sonra yaranan regional və beynəlxalq hadisələri əsas gətirərək, korrupsiya işinin iki həftə təxirə salınmasını istəyib.

 

Sözügedən tələb ABŞ Prezidenti Donald Trampın Netanyahunun korrupsiya işini “cadugər ovu” adlandıraraq, işin dərhal ləğv olunması çağırışından sonra irəli sürülüb.

 

İsrail Baş Prokuroru Avişay Mandelblit 2019-cu ilin 21 noyabrında Netanyahu barəsində üç ayrı korrupsiya işi üzrə – “rüşvət, etimada xəyanət və şəxsi məqsədlər üçün vəzifədən sui-istifadə” ittihamları ilə cinayət işi qaldırılmasını tələb edib.

 

Vəzifədə olarkən mühakimə olunan “ilk İsrail Baş naziri” kimi tarixə düşən Netanyahunun ilk məhkəmə iclası 2020-ci il mayın 24-də Qüds Bölgə Məhkəməsində keçirilib.

 

Netanyahu ifadə vermək üçün ilk dəfə 2024-cü il dekabrın 10-da Tel-Əviv Bölgə Məhkəməsi qarşısına çıxıb.

 

Netanyahu “1000”, “2000” və “4000” iş nömrələri ilə tanınan üç ayrı korrupsiya işi çərçivəsində rüşvət, dələduzluq və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə olunub.

 

Haberler.com

Aygün Babayeva