"Biz daimi sülh üçün hər cür səy göstərməyə davam edəcəyik"

Tarix: 22:50 16.05.2025
Xarici işlər naziri Hakan Fidan İstanbulda aparılan sülh danışıqları ilə bağlı bu cür dəyərləndirmə edib: “Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.
İstanbulda keçirilən Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşlərinin ardından nazir Fidan sosial media hesabından verdiyi açıqlamada bugünkü görüşlərin dünya sülhü üçün əhəmiyyətli bir gün olduğunu vurğulayıb.
Fidan açıqlamasında bu sözləri deyib:
"Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib".
Yazıda Fidan qarşı tərəflə atəşkəsə nail olmağı mümkün edəcək şərtləri yazılı şəkildə bölüşmək üçün razılığa gəlindiyini bildirib və bunları qeyd edib:
"Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında qalıcı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva