Suriyada valyuta islahatı gözlənilir

Tarix: 23:01 16.05.2025
Suriya hökuməti milli valyutanın Rusiyada çapından imtina edərək BƏƏ və Almaniya ilə əməkdaşlıq qurmağı planlaşdırır.
"İnformator.az" "Reuters"ə istinadən xəbər verir ki, Suriya rəsmiləri həmçinin pul əskinaslarının dizaynını dəyişdirmək niyyətindədirlər.
Sabiq ölkə lideri Bəşər Əsədin portretinin əskinaslardan çıxarılması nəzərdə tutulur.
Məlumata görə, iki Almaniya şirkəti - dövlətə məxsus "Bundesdruckerei" və özəl "Giesecke+Devrient" şirkəti Suriya hökuməti ilə əməkdaşlıq etmək marağını ifadə edib.
Özəl şirkət şərh verməkdən imtina edib. Dövlət şirkətindən isə Suriya ilə valyuta çapı barədə danışıqlar aparmadıqlarını bildiriblər. BƏƏ tərəfi agentliyin sorğularına cavab verməyib.
Qeyd edək ki, Rusiya ilk dəfə 2012-ci ildə Suriya pul əskinaslarını çap etməyə başlayıb. Əvvəllər bu işi Avstriya Mərkəzi Bankının törəmə şirkəti həyata keçirib. Avropa İttifaqının Bəşər Əsəd rejimi və müxalifət arasında münaqişəyə görə Suriyaya sanksiyalar tətbiq etməsindən sonra əməkdaşlıq dayandırılıb.