Rəqəmsal Tükənmişlik:- "Gündəlik ekran istifadəsinin psixoloji təsirləri"

Bölmə: Sosial › ,
Tarix: 22:57 16.05.2025

Rəqəmsal texnologiyalar həyatımızı asanlaşdırsa da, davamlı ekran qarşısında qalmaq, sosial şəbəkə təzyiqləri və onlayn zəngin həyat tempi insanlarda emosional tükənmişlik, diqqət pozuntusu və stres yarada bilər.

 

Mövzu ilə bağlı psixoloq Məleykə İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, canlı ünsiyyətdən qaçış, ünsiyyətin azalması günümüzdə ən böyük problemlərdən biridir.

 

"Gündəlik ekran qarşısında zaman keçirmək saat hesabı ilə yaş həddinə bağlı olaraq dəyişə bilir. Bu uşaqlarda və böyüklərdə müəyyən saatlar aralığında baş verir. Amma ekran asıllığı o qədər üstünlük təşkil edir ki, günümüzdə cəlb edici məlumatlar asıllığa çevrilib. Bu zaman biz ekran asıllığının, ekran istifadəsinin nəzarətini, kontrolunu itirə bilərik. Həddindən artıq sosial şəbəkələrdə vaxt keçirmək uşaqlarda nitq qüsurlarına, əqli geriləmələrə, inkişaf ləngimələrinə, görmə qüsurlarına, hərəkət, dayaq sistemində, yəni onurğa sistemindəki əyriliklərə gətirib çıxarır.


Gənc və yaşlı insanlarda, eyni zamanda uşaqlarda da bu cür asılılıq əsəb gərginliyinə səbirsizliyə, diqqətsizliyə, diqqəti cəmləyə bilməməyə, bəzi hallarda isə yaddaş pozuntularına qədər gətirib çıxarda bilir.


Beynin əzbərləmə mexanizmləri bu cür hallarda düzgün işlənilmədiyinə görə beyində həmin bölgələr fəaliyyətini söndürür və insan kiçik məqamları belə xatırlaya bilmir, unudur. Hətta bu ağıl zəifliyi xəstəliyinin cavanlaşmasına da səbəb ola bilir.


Rəqəmsal tükənmişlik, insanın hər hansı adi şeylərə qıcıqlı reaksiya verməsi, ya həddindən çox reaksiya verir, ya da reaksiyalar itirilir, eyni zamanda da ən pisi düşünmə qabiliyyətlərini əlindən alır.Beyin düşündükcə yeni neyron bağlarının əlaqələrinin yaranılması ilə bağlı olaraq, insan beyni inkişaf edir. Beyin inkişafı əsasən ünsiyyətdən yeni biliklərin beyin ilə tanış edilməsindən asılıdır, amma telefon,kompüter asıllığı,ekran asıllığı bu qarşılığı vermir. Çünki burada qarşılıq yoxdur, burada bir tərəfli ünsiyyət var.


Danışan, göstərən, rəngli tərəf, dəyişən tərəf ekrandır.Bu zaman beynin defolt bölgəsi, çaşqınlıq içində qalır, lazımlı və lazımsız informasiyanı seçə, ayırd edə bilmir. Seçim edə bilmədiyinə görə burada düzgün inkişaf getmir.

 

Canlı ünsiyyətdən qaçış, ünsiyyətin azalması günümüzdə ən böyük problemlərdən biridir. Hansı ki, rəqəmsal tükənmişliyin və kompüter, telefon asıllığının yaratdığı əsas çətışmazlıqlardandır.
Sosial şəbəkələrdə daima aktiv olmaq bir asıllıqdır. Emosional yorğunluğa bir başa səbəbdir. Rəqəmsal tükənmişliklə əsas mübarizə aparan metodlardan ən birincisi fərqində olmaqdır. Yəni, artıq asılı olduğunu və bundan da tükəndiyini, amma bir şəkildə də bundan ayrıla bilmədiyini anlamaqdır.


İstənilən halda bütün iradə siferanı işə salıb, iradəni gücləndirmək məqsədi ilə insan özünə mükafatlandırma kimi kompüterdən, telefondan bir neçə saatlıq ayrı qalmağı özünə qayda kimi tətbiq edə bilər. Daha çox təbiətdə dincəlmək,
dincəldiyiniz zaman telefonları kənara qoymaq, kompüteri kənara qoymaq, emosional tükənmişlikdən insanı çıxarda bilər. Bunun paralelində, insan fiziki aktivliklə məşğul ola bilər. Fiziki aktivlikdən əlavə, bir də kitab oxuma beyinə yaxşı təsir edə bilər.


Yəni, əvvəllər insanlar kitab oxuyanda daha sağlam idilər. Amma təəssüf ki, indi kitablardan az istifadə olunur. İnsanlar əsasən, onlayn platformalardan, kitablardan istifadə edirlər. Rəqəmsal dünya geniş yayıldığı üçün insanlarda müəyyən tükənmişliyə, yorğunluğa gətirib çıxarır".

 

Səmayə Səftərova