Suriyada Yeni Bir Eranın Başlanğıcı

Tarix: 19:19 16.05.2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyaya qarşı sanksiyalar rejiminə 180 gün müddətinə müvəqqəti güzəştlər tətbiq edəcək. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Antalyada jurnalistlərə bildirib.
“Biz "Sezar Qanunu"nda nəzərdə tutulan və hər altı aydan bir uzadılmalı olan istisnalardan istifadə edirik", – Rubio qeyd edib.
O vurğulayıb ki, bu addım beynəlxalq donorların Suriyaya sanksiya riski olmadan humanitar yardım göndərmələrinə imkan verəcək, lakin dəyişikliklərin müvəqqəti xarakter daşıdığını da qeyd edib.
“Biz müvəqqəti tədbirlərlə başlayırıq və gələcəkdə sanksiyaların Konqres vasitəsilə tamamilə ləğvi məsələsinə baxacağıq", – Rubio əlavə edib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, sanksiyaların ləğvi Amerika şirkətlərinin bu bölgədə iştirakına şərait yaradacaq:
"ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qərarı olduqca mühüm bir hadisədir. Təxminən 47 ildir davam edən sanksiyaların aradan qaldırılması Suriyanın həm dövlət olaraq yenidən qurulmasında, bərpa olunmasında vacib bir amildir, həm də Suriyanın yeni hakimiyyətinin legitimliyinin qəbul olunması anlamına gəlir. Eyni zamanda beynəlxalq donorların, o cümlədən maliyyə qurumlarının Suriyadakı layihələrə daha ciddi dəstək verməsinə imkan yarada bilər. Sanksiyaların ləğvi Amerika şirkətlərinin də bölgədə iştirakına şərait yaradacaq. Bu da Suriyada təhlükəsizliyin ciddi şəkildə təmin olunmasına töhfə verə bilər. Yəni, bu baxımdan Trampın bu qərarı əslində Suriyada yeni bir eranın başlanğıcına şərait yaradacaq bir addım kimi də dəyərləndirilə bilər. Bir daha qeyd edirəm ki, hazırda Suriyanın yeni hökumətinin qarşısında olduqca ciddi məsələlər durur. Bunlar həm Suriyada bütün cəmiyyəti əhatə edəcək bir dövlət modelinin formalaşdırılması, həm də əhalinin rifahı və təhlükəsizliyinin təmin olunması məsələləridir. Bunlar öz həllini tapmalıdır. Məhz sanksiyaların ləğvi bir çox investor ölkələrin bölgəyə – Suriya ərazisinə daha rahat şəkildə sərmayə yatırmasına imkan yaradacaq".
Lalə Qafarova