Avstraliyanın şərqində daşqınlar nəticəsində azı dörd nəfər ölüb

Tarix: 15:26 23.05.2025
Avstraliyanın şərqinə üç gün ərzində altı aylıq normaya bərabər yağıntı yağıb. Güclü leysan və qasırğa nəticəsində baş verən daşqınlar azı dörd nəfərin həyatına son qoyub.
“İnformator.az” xəbər verir ki, çayların məcrasından çıxması nəticəsində ən çox zərər Yeni Cənubi Uels ştatının Hunter və Mid-Nord-Kost rayonlarına dəyib. Təcili yardım xidmətlərinin məlumatına görə, təxminən 50 min nəfərin ətraf aləmlə əlaqəsi kəsilib.
Qasırğa ölkənin cənubuna, Sidneyə doğru irəliləyir. Dəmiryol xətlərinin su altında qalması şəhərətrafı qatarların və Sidney hava limanına gedən xətlərin fəaliyyətində fasilələrə səbəb olub. Hakimiyyət orqanları çayların səviyyəsinin yüksəlməsi səbəbindən Sidneyin su təchizatının 80 faizini təmin edən “Warragamba” bəndinin daşma təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Mütəxəssislərin sözlərinə görə, Avstraliya son illərdə iqlim dəyişikliyi nəticəsində yaranan ekstremal hava şəraiti ilə daha tez-tez üzləşir. 2010-cu illərin sonundakı quraqlıq və meşə yanğınlarından sonra Avstraliya 2021-ci ildən bəri mütəmadi olaraq daşqınlara məruz qalır.