Azərbaycan qonşu ölkələrdən "yaşıl enerji" əməkdaşlığına dair çoxlu təklif gözləyir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:10 23.05.2025

Azərbaycanın, qonşu ölkələrdən "yaşıl enerji" sahəsində əməkdaşlığa dair daha çox təklif alacağı gözlənilir. Azərbaycan, regionun həm "yaşıl enerji" mənbələrinin sayına, həm də enerji dayanıqlılığı baxımından lider ölkəsidir. Gələcəkdə gözlənilən enerji defisitinin qarşısını almaq üçün region dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan "yaşıl enerji" zonası elan olunub. Orada "yaşıl enerji" mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya, "yaşıl enerji"nin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır.

 

Bu məsələ ilə bağlı ekspert Ramiz Kəlbiyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu yanaşma Azərbaycanın regiondakı enerji siyasətini daha dayanıqlı və strateji mövqeyə daşımaqla, ölkənin beynəlxalq enerji təhlükəsizliyi və iqlim hədəflərinə verdiyi töhfəni əhəmiyyətli dərəcədə artıracaqdır:

 

"Azərbaycanın yüksək yaşıl enerji potensialına malik Mərkəzi Asiya ilə Avropa arasında yerləşməsi, onun qonşu ölkələrdən "yaşıl enerji" sahəsində əməkdaşlığa dair daha çox təklif alacağını şərtləndirir. Mərkəzi Asiya respublikalarının yaşıl enerjisinin Avropaya ötürülməsi ölkəmizin enerji dayanıqlılığı baxımından əhəmiyyətini daha da artıracaqdır. Həmçinin, Gürcüstanın və qardaş Türkiyənin də yaşıl enerji potensialından istifadə ölkəmizi dayanıqlı “yaşıl enerji” körpüsünə çevirəcəkdir.

 

Naxçıvanın "yaşıl enerji zonası" elan olunması təkcə günəş enerjisi layihələri ilə məhdudlaşmamalı, eyni zamanda regionun geoloji və təbii resursları nəzərə alınaraq digər bərpa olunan enerji mənbələrinin – hidroenerji, geotermal, külək, hidrogen və bioenerji istiqamətlərinin də inkişafı təmin edilməlidir. Regionda yüksək günəşlənmə göstəriciləri, isti su bulaqları, kənd təsərrüfatı və üzvi tullantı potensialı, eləcə də elektroliz texnologiyaları vasitəsilə yaşıl hidrogen istehsalı imkanları bu resursların paralel şəkildə istifadəsini iqtisadi və texniki baxımdan məqsədəuyğun edir.

 

Bu yanaşma, Azərbaycanın yaşıl enerji üzrə ixrac potensialını artırmaqla yanaşı, Naxçıvanda daxili enerji tələbatının davamlı təminatını və ekoloji davamlılığı gücləndirəcək, həmçinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığının çoxşaxəli inkişafına zəmin yaradacaqdır. Məhz bu kontekstdə Naxçıvan yalnız yerli enerji təchizatçısı kimi deyil, həm də iki ölkə arasında yaşıl enerji körpüsünə çevrilərək, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər".

 

Müsahibimizin sözlərinə görə, Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı yalnız Azərbaycan və Türkiyə arasındakı enerji əməkdaşlığı ilə məhdudlaşmayaraq, region ölkələri – Gürcüstan, İran və Mərkəzi Asiya respublikaları ilə enerji əlaqələrinin gücləndirilməsini də təşviq edə bilər:

 

"Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji ötürücü xətləri və regional enerji mübadilə proqramları Naxçıvanda istehsal edilən bərpa olunan enerjinin qonşu ölkələrə ötürülməsi və enerji sabitliyinin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Bu cür təşəbbüslər regionda enerji axınlarının şaxələndirilməsinə və Orta Dəhliz, eləcə də Zəngəzur Dəhlizi çərçivəsində yaşıl enerji ticarət yollarının inkişafına öz töhfəsini verə bilər.

 

Nəticədə, Naxçıvan yalnız yerli deyil, həm də regional və qlobal enerji sistemində mühüm rol oynayaraq, Cənubi Qafqazın əsas yaşıl enerji mərkəzlərindən birinə çevrilməyə hazırdır".

 

Xədicə Məhərrəmli