Məktəb psixoloqlarına qarşı münasibət

Tarix: 22:19 07.07.2025
Son illərdə təhsil sistemində psixoloji dəstəyin əhəmiyyəti getdikcə daha çox qabardılır. Buna baxmayaraq, məktəb psixoloqlarının fəaliyyəti və onlara qarşı münasibət cəmiyyətin müxtəlif təbəqələrində fərqli yanaşmalarla qarşılanır.
Mövzu ilə bağlı psixoloq Günel Əkbər "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, psixoloqlara yetəri qədər etibarın olub-olmamasından danışsaq, bunun cavabı böyük əksər hallarda təbii ki, “yox” olacaq:
"Birinci əsas səbəb – maarifləndirmə azdır psixoloqlarla bağlı. Valideynə deyəndə ki, “Uşağı psixoloqa yönləndiririk”, məktəbdə ilk deyilən: “Mənim uşağımın nə problemi var? Mənim uşağım dəlidir ki, siz onu psixoloqa yönləndirirsiniz?” olur. Yəni psixoloqa yalnız ağır problemi olan uşaqların getdiyi, cəza verən bir insan kimi baxılır.
Misal üçün, valideyn özü utanır desin ki, “Müəllim, mənim uşağımı məktəbdə psixoloqa yönləndirdi”. Hələ də bu maarifləndirmə o qədər azdır ki, bununla bağlı iradlar dəhşət çoxdur. Yəni deyirlər: “Uşağı psixoloq yanına göndərmək istəmirəm, yazmayın, mənim uşağım dəli deyil". Maarifləndirmə azlığı var.
Daha sonra elə valideyn var, məlumatı var, amma bir az real düşünən valideyndir. Düşünür ki, məktəbdə 500 tələbə var. 500 tələbəyə düşən psixoloq sayı bir nəfərdirsə, o psixoloq mənim uşağıma nə dərəcə yetəri qədər dəstək ola bilər? Ona görə, burda bir etibar qırığı var: müəllim–psixoloq–valideyn əlaqəsi yaxşı getmir. Nə mənada? Misal üçün, iclas olur, müəllim məlumat verir, amma heç psixoloq haqqında məlumat verilmir. Böyük əksər hallarda heç iclaslara psixoloqlar dəvət olunmur. Elə valideynlər var ki, ümumiyyətlə, məktəbdə psixoloqun olduğunu bilmirlər.
Yəni bu kimi hallar göstərir ki, psixoloqa etibar yetəri qədər deyil".
Həmçinin psixoloq bildirib ki, hələ də şagirdlərin psixoloqa müraciət etməsi bəzən utancverici hal kimi qəbul olunur:
"Çünki psixoloqla bağlı yanlış bir inanc formalaşıb. Ümumiyyətlə, nəinki məktəblərdə, bütün cəmiyyətimizdə bu düşüncə var – yanlış tabular, deyək də. Misal üçün, bizdə mentalitetdə belə bir dəyər var ki, ailə daxilində nə olsa, ailədə qalmalıdır, ailədən kənara çıxmamalıdır. Yəni nə olur-olsun, niyə kənardakı bir şəxs bunu bilməlidir?
Yəni hələ də bu maarifləndirmə yoxdur ki, psixoloqun işi onsuz da budur. Siz psixoloqa nə deyirsinizsə, bu psixoloqda qalacaq. Yenə də gəlir maarifləndirmə azlığına. İnsan düşünür: “Mənim uşağım dəli deyil". Psixoloqa getmək hələ də “dəlixanaya gedər” düşüncəsidir. Bu, valideynlər arasında olduğu kimi, tələbələrə də yansıyır. Misal üçün, tələbə düşünür ki, psixoloqun yanına gedəndə utanmalıdır. Dostuna deməyə utanır ki, “Mən psixoloqa getdim”, çünki sinifdə onu təcrid edə bilərlər – “dəlidir, psixoloqa gedir".
Yenə də bu bilgisizlikdən irəli gəlir və bu problem məktəblərdə çox aktivdir. Psixoloq olsa belə, sayı azdır deyə, hələ də bir faydasını tam görmək mümkün deyil. Amma buna baxmayaraq, məktəbdə cüzi bir problem olanda belə, ilk qınaq obyekti məhz psixoloq olur".
Eyni zamanda psixoloq düşünür ki, məktəbdə psixoloqun statusu gücləndirilməlidir:
"Əvvəllər belə bir qayda çıxdı ki, məktəb psixoloqunu artıq direktor, müavin fonunda görəcəyik, amma o qüvvəyə minmədi. Misal üçün, psixoloqa nəinki valideyni, uşağı qoyuram qırağa, müəllimlər arasında belə “psixoloqdu da”, “üçüncü–dördüncü şəxs” kimi, sözü o qədər də keçməyən bir obraz yaradırlar.
İstər-istəməz bizim məktəblərdə yaşlı müəllimlər daha çoxdur. Psixoloqların böyük əksəriyyəti isə – psixologiya elmi təzə yarandığı üçün – gənc kadrdır. Təbii ki, Azərbaycanda məktəb psixologiyasının 20 illik bir tarixi yoxdur. Gənc kadr çox olduğuna görə onlara o qədər də dəyər verilmir, yəni sözü o qədər də keçərli deyil, statusu o qədər güclü deyil.
Ən birinci edilməli olan odur ki, psixoloqun statusu qaldırılmalıdır. Yəni psixoloqun söz haqqı olmalıdır. Psixoloq direktora paralel işləməlidir. Məsələn, müəllim gəlir, deyir ki, “İcazə yoxdur". Cavab verilir: “Psixoloq icazə verməyib. Bu tələbədə bu problem var. Bu dərsi keçməsi uyğun deyil".
Daha sonra maarifləndirici tədbirlər – misal üçün, təkcə müəllimlər üçün olan iclaslar yetərli deyil. Xeyr, müəllimlərdən əlavə psixoloqun rolu çox böyükdür. Psixoloqla görüş üçün valideynlərlə ayrıca bir iclas təşkil olunmalıdır. Məktəb girişində plakatlar qoyulmalıdır. Sosial maarifləndirmə aparılmalıdır. Reklam xarakterli maarifləndirici videolar, çap materialları hazırlanmalıdır. Məktəb psixoloqunun gücünü artırmaq üçün bunlar vacibdir.
Bir də mən düşünürəm ki, dərslərdə psixoloq sayı çox azdır deyə bu belədir. Psixoloji dərs salınsa, çox ideal olar. Yəni psixoloji maarifləndirmə dərsi. Uşaqlar, misal üçün, bu il haqqında mütləq məlumat almalıdırlar. Başqa bir hal olsa, nə etmək lazımdır? Belə bir şeylə qarşılaşsa, nə olacaq? İmtahan stresi yaşadıqda nə etməlidir?
Ən azından o "həyat dərsi", "həyat bilgisi" kimi təməl dərslər mütləq olmalıdır. Heç olmasa, hər sinifdə psixoloq ayda bir dəfə dərsə girməlidir ki, nəticəni biz görə bilək".
Nigar Həsənzadə