Miflər və reallıq: Astroloji həqiqətlər

Tarix: 17:26 07.07.2025
Astrologiya əsrlər boyu insanların həyatında mühüm yer tutub. Ulduzların və planetlərin insan taleyinə təsir göstərdiyinə inanmaq qədim mədəniyyətlərdən günümüzə qədər davam edib. Bəziləri üçün bu bir inanc sistemi, digərləri üçün isə sadəcə bir əyləncə vasitəsi və ya psixoloji dəstək mexanizmidir. Ancaq astrologiya barədə danışarkən miflərlə reallığı ayırmaq vacibdir.
Məsələ ilə bağlı astroloq Aytən Salami “İnformator.az”a açıqlamasında bildirib ki, astrologiya sahəsində ən çox yayılmış və ən yanlış olan mif, astrologiyanın miflərdən ibarət olduğunu düşünmək və bunu təbliğ etməkdir:
“İnsanları bürc anlayışına bölürlər. Bir-birlərinə yaxınlaşarkən, bir-birlərinin xarakterinə əsasən, bu bürclərdən ‘biz uyğun gəlmirik’. Bürclərə əsasən həyatlarını yönləndirmək, bürc proqnozlarına əsasən qərarlar vermək ən böyük yanlışlardan biridir. Astrologiya təkcə bürc deyil. Bürc, astrologiyanın sadəcə müəyyən bir hissəsini təşkil edir.
Əslində, astrologiyaya inanmaq lazımdır. Çünki həqiqətən də düzgün astrologiya elmi bizim həyatımızda yaşayacağımız bir çox şeyləri bizə əvvəlcədən deyir. Biz həyatımızda daha tədbirli ola bilirik. Bürclərə deyil, doğum xəritəsinə, elmi astrologiyaya inanırsınızsa, bu zaman həyatımız barədə çox doğru qərarları biz əvvəlcədən almış oluruq.
Bəs, astronom və astroloqların arasındakı fərq nədir? Astronom göy cisimlərinin fiziki vəziyyətini öyrənir. Astroloq isə bizə astronomların verdiyi informasiya, məlumatları şərh edəndir. Astronomlar olmasa, astroloji məlumatları alıb, göy üzü hərəkətlərini öyrənib şərh edə bilmərik.
Astrologiyanı falçılıqla eyniləşdirmək olarmı bəs? Qətiyyən olmaz, yolverilməzdir. Ona görə ki, astroloqlar heç bir illüziyaya, ilahi gücə sahib olmurlar. Heç bir yerdən vəhy verilmir; bir insanın üzünə baxıb ona gələcəyi barədə informasiya verə bilməz. Astroloq sizə ölüm tarixi, evlənmə tarixi informasiyaları verə bilməz. Çünki astrologiya elm sahəsidir, analizdir. Astrologiya baş verə biləcək ehtimalları, enerjiləri deyir. Astrologiyanın birinci etik qaydası nədir? Biz özümüzü Allahın yerinə qoya bilmərik. Astroloq falçıdan fərqli olaraq, mütləq xəritə analizi etmək üçün müəyyən bir təhsil keçməlidir, riyazi biliyi olmalıdır, analiz etməyi bacarmalıdır, astronomiya bilməlidir".
Çimnaz Telmanqızı