Suraxanıda səyyar görüşlər davam edir

Tarix: 15:15 09.07.2025
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyulun 2-də Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində 279 saylı, iyulun 9-da isə Hövsan qəsəbəsi, 172 saylı tam orta məktəblərdə keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Suraxanı RİH-dən məlumat verilib.
Səyyar görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında ötən həftə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü haqqında məlumat verərək qeyd edib ki, belə mühüm görüşün məhz Xankəndidə keçirilməsi Qarabağda sülhün, sabitliyin və yenidənqurmanın beynəlxalq səviyyədə tanınması və dəstəklənməsi baxımından xüsusi önəm daşıyır. Türkiyə, Pakistan, Özbəkistan və digər qardaş ölkələrin bu zirvə toplantısında iştirakı, Azərbaycanda gedən böyük işlərə verdikləri yüksək qiymət, dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurları bir daha nümayiş etdirdi. A.Əliyev bildirib ki, bu gün regionda gərginliyin artdığı bir dövrdə Prezident cənab İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və tam dəstəklənir.