Cənubi Qafqazda yeni geosiyasi mərhələ-"Real imkanlar mövcuddur"

Tarix: 23:46 22.07.2025
Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib.
O, bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib. C. Bayramov əlavə edib ki, görüşdə sərhədlərin delimitasiyası prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsi barədə də ətraflı müzakirələr aparılıb. “Ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsi bu sahədə birgə layihələrin həyata keçirilməsini aktuallaşdırıb”, – deyə o, əlavə edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanla Gürcüstan arasında olduqca sıx iqtisadi təmaslar mövcuddur:
"Eyni zamanda, mehriban qonşuluq münasibətləri regiondakı vəziyyətə olduqca böyük təsir edib. Azərbaycanla Gürcüstan arasında tarixən yaxın əlaqələr mövcud olub. Həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqaz regionunda həyata keçirilən olduqca strateji layihələrdə iştirak etməkdədirlər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini buraya nümunə göstərmək olar. Ən mühümü isə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsidir. Azərbaycanın xarici işlər nazirinin gürcü həmkarı ilə görüşü zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında ətraflı məlumat verilib. Regional təhlükəsizlik sisteminin qurulması regionda yerləşən bütün ölkələr üçün əhəmiyyətlidir. Azərbaycanla Gürcüstan arasındakı əlaqələr daha da inkişaf edəcək və nəqliyyat-logistika layihəsinin əhəmiyyətini strateji edib. Yeni geosiyasi konfiqurasiya formalaşıb. Gürcüstan platforma ilə bağlı düşünmə mövqeyindədir. Azərbaycanla Gürcüstan arasında dostluq münasibətləri ortaq məxrəcə gəlməyə yardımçı olacaq. Bütün bunlar regionun gələcəyi üçün önəmlidir. Gürcüstan rəsmiləri də Azərbaycana davamlı olaraq səfərlər ediblər".
Aygün Babayeva