MDB Oyunları: Sülh Dəvəti Cavabsız Qalıb

Tarix: 22:03 23.04.2025
Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları regionda həm idman, həm də diplomatik baxımdan diqqət mərkəzinə çevrilib. Təşkilatçı ölkə olaraq Azərbaycanın Ermənistana da dəvət göndərməsi, son illərdə iki ölkə arasında yaşanan gərginlik fonunda mühüm siyasi jest kimi dəyərləndirilə bilər. Bu addım, Azərbaycanın regional əməkdaşlıq və sülh təşəbbüslərinə açıq olduğunu göstərməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirməyə xidmət edir. Lakin Ermənistanın dəvətə cavab verməməsi və iştirakının qeyri-müəyyən qalması, iki ölkə arasında normallaşma prosesinin hələ də zərif və qeyri-stabil olduğunu ortaya qoyur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, Ermənistanın bu dəvətə müsbət cavab verməsi iki ölkə arasında etimadın yaranmasında mühüm addım olardı:
“Xatırlamaq lazımdır ki, Ermənistan qlobal səviyyədə olan COP29 tədbirində iştirak etmədi. Azərbaycanda baş tutan tədbirə dünyanın 196 ölkəsindən nümayəndələr gəldi. Ermənistan bu tədbiri boykot etdi. Bu da Ermənistanın nəinki sülh prosesinə, regional, qlobal məsələlərə də biganə yanaşdığının göstəricisidir. Yəni, COP29-u boykot edən bir ölkənin MDB oyunlarında da iştirak etməməsi təəccüblü görünməməlidir. Digər tərəfdən, Ermənistan Rusiyanın iştirak etdiyi tədbirlərdən yayınır".
Siyasi şərhçi Ermənistanın Rusiya ilə münasibətlərinə də toxunub:
“Ermənistan sülh prosesi məsələsində də Rusiyanın vasitəçiliyini qəbul etmir. Bu baxımdan MDB çərçivəsində sülhlə bağlı hansısa məsələnin həll ediləcəyinə inanmıram. Azərbaycan özü də Ermənistanla məsələlərin vasitəçilər olmadan həllinin tərəfdarıdır. Çünki vasitələçilər olmadan daha ciddi nəticələr əldə olunub. Bunun nümunəsidir ki, sülh sazişi mətni hər iki ölkə arasında tam razılaşdırıldı".
Siyasi şərhçi Ermənistanın bu dəvətə müsbət cavab verərsə, sülh prosesinin necə irəliləyəcəyindən də danışıb:
“Sözsüz ki, Ermənistanın bu dəvətə müsbət cavab verməsi iki ölkə arasında etimadın yaranmasında mühüm addım olardı. Amma buna cavab gəlməməsi Ermənistanın sülhdən uzaq olduğunu göstərir.
Azərbaycan son dövrlər regional və beynəlxalq tədbirlərə ev sahibliyi etməklə regional və qlobal sülhə, sabitliyə töhfə verməyə, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlərə yardım etməsinə, Qlobal Şərqlə Qlobal Qərb arasında əlaqə yaratmağa çalışır. Azərbaycan kimi bitərəf dövlətlərin bu cür addımlar atması təqdirə layiqdir və beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Çünki dünya ciddi münaqişə və müharibələr içərisindədir. Azərbaycan COP29-da irəli sürdüyü sülh çağırışları düşünürəm ki, gələcəkdə bəşəriyyətin bu cür müharibə və münaqişələrdən yan keçməsinə ciddi töhfə verəcək".
Günel Verdiyeva