"Zelenskinin ikinci dəfə seçilmə şansı var"

Bölmə: Siyasət › ,
Tarix: 21:17 24.04.2025

 

“Ukrayna prezidenti Volodimir Zelenskinin istefası Rusiyanın iki ölkə arasındakı münaqişənin həlli tələbləri arasında deyil”. Bunu Fransanın "Le Point" nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, bizim tələblərimizdən biri deyil, lakin bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynada çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, - deyə o qeyd edib.

 

Mövzu ilə əlaqədar konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Dmitri Peskovun fikri məntiqlidir:

 

“Peskov məntiqli fikir bildirib. Zelenskinin istefası Kremlə lazım deyil. Kremlə lazımdır ki, Zelenski onların istədiklərini versin. Qaldı ki, legitimlik məsələsinə – Ukrayna xalqı hazırda Zelenskinin əleyhinə deyil. Əgər bir xalq onun üçün çalışan liderə legitimlik verməyəcəksə, deməli, o xalq artıq mənəviyyatını itirib".

 

Ekspert əlavə edib ki, Zelenski ikinci dəfə prezident seçilə bilər:

 

“Zelenskinin ikinci dəfə prezident seçilmə şansı var. Amma görünür, o, özünü müəyyən mənada günahkar hiss edir. Ola bilər ki, buna görə növbəti seçkilərdə namizəd olmasın. Lakin namizəd olsa, xalq onu dəstəkləyə bilər”.

 

Lalə Qurbanlı