Uşaqları, böyükləri diri-diri basdırıblar-Zelenski

Bölmə: Siyasət › ,
Tarix: 21:21 24.04.2025

 

“Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələrini dayandırmalıdır”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski CAR Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında deyib. “Kiminsə daxilində nə baş verdiyini bilmirəm, amma ukraynalıların səbri davam gətirməyəcək. Başa düşürsünüz? Çünki biz hücuma məruz qalmışıq. Və başqa heç kim. Bunu heç kimə arzulamazdım, amma biz Rusiya raketlərinin hücumu altındayıq. Ukraynanın terrorçularla danışıqlar masasına oturmağa hazır olması artıq böyük kompromisdir. Bizə hücum ediblər, ərazilərimizi işğal ediblər, uşaqları, böyükləri diri-diri basdırıblar”.

 

Mövzu ilə əlaqədar politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin Rusiya ilə sülhə hazır olub, eyni zamanda onları “terrorçu” adlandırmasını başa düşmək olar:

 

“Zelenskini başa düşmək olar. Ölkəsinin 20 faizi işğal olunub, böyük qətliamlar törədilib. Buna görə də, o, Ukraynanın acısını dünyaya çatdırmaq üçün belə sərt ifadələrdən istifadə edir. Onun emosional danışıqlarının ictimaiyyətə, neytral mövqe tutmağa çalışan ölkələrə təsirinə gəldikdə, dünya Ukraynaya münasibətdə, sanki bölünüb. Rusiyanı müdafiə edən və Ukraynanı dəstəkləyən dövlətlər var. Hər halda Ukraynanı dəstəkləyənlər bu gün daha çoxdur. Dövlətlərin mövqeyi müəyyən olduğuna görə bu danışıqlar dövlətlərə çox da təsir etmir”.

 

Politoloq atəşkəsin baş tutmasında əsas gücün Rusiyanın üzərinə düşdüyünü qeyd edib:

 

“Atəşkəsin baş tutmasında əsas güc Rusiyanın üzərinə düşür. Çünki Rusiya hücum edən tərəfdir və davamlı olaraq Ukraynanın üzərinə hücumlar edir. Ukrayna da özünü bir formada qorumağa çalışır. Bütün bu baş verənlər Ukraynanı müdafiə edən dövlətlər tərəfindən qınanılır. Amma ABŞ-ın mövqeyi bir qədər fərqlidir. Onun barışıq şərtlərini Ukrayna qəbul etmədi, artıq biz Trampdan sərt reaksiyalar da görürük. Belə sərt davranış isə Trampı ABŞ-ı vasitəçi olmaq mövqeyindən daşındıra bilər. Rusiyanın isə hücumları davam edir. Tərəflər, sanki, atəşkəs məsələsini ortaya qoysalar da, buna hazır deyillər. Belə düşünürəm ki, beynəlxalq təzyiqlərə və s. baxmayaraq, tərəflər müharibəni davam etdirəcəklər”.

 

Lalə Qurbanlı