Tramp Kiyevə hücumdan yazıb

Bölmə: Siyasət › ,
Tarix: 21:29 24.04.2025

 

Rusiyanın Kiyevə hücumundan razı deyiləm. Bu, lazımsız və vaxtsızdır. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində yazıb: “Vladimir, dayanın! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh razılaşması imzalayaq”, - Tramp bildirib.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Moskva Trampın sözü ilə müharibəni dayandırmayacaq:

 

“Tramp özünəməxsus siyasətçidir. O, Şərq stilində fəaliyyət göstərən dövlət rəhbəridir. Birinci dönəmdən onun bəzi komanda üzvləri sözlərin haçalanması ucbatından komandanı tərk etmişdilər. İndiki komanda üzvlərinin çoxu cavandır və onlar Tramp nə deyirsə, təsdiqləyirlər. Mən deyə bilərəm ki, heç vaxt Moskva Trampın sözü ilə müharibəni dayandırmayacaq. Çünki Trampla Putin arasında şəxsi münasibətlər formalaşa bilər, etimad mühiti yarana bilər, hətta dost münasibətinə qatıla bilərlər. Amma bu o demək deyil ki, münasibətlər tənzimlənir və düzəlir. Çünki onlar əbədi rəqibdir. Həmçinin Amerikanın “Gəlin sülh razılaşması imzalayaq” kimi çağırışları ilə ürəkdə olan niyyətlər arasında böyük bir fərq və uçurum var. Burada “fövqəlqüvvələr”in həm də özlərinə məxsus xarakterləri var. Onları kimsə sözlə, vədlə aldada bilməz. Onlar başa düşür ki, siyasi aləmdə nisbətən cazibəli görünən manevrlər əsl niyyətlərdən xəbər vermir və ola bilsin ki, konqres seçkiləri üçün özünəməxsus tədarük görür. Bundan başqa, müharibə uzandıqca, Ukraynanın vəziyyəti gərginləşəcək. Nə qədər Ukraynaya dəstək vəd etsələr də, müharibə uzandıqca, Ukraynanın strateji resurs bazası tükənir, demoqrafik imkanları azalır, amma Rusiyanın bu istiqamətdə böyük potensialı var. Digər tərəfdən də, həm Çin tərəfindən, həm İran tərəfindən, həm Şimali Koreya tərəfindən Rusiyaya dəstək gəlir. Bir şey qaçınılmazdır ki, Ukrayna sülh sazişinə hazır olmalıdır, bu, nə qədər tez olsa, onun üçün bir o qədər daha yaxşıdır. Əks təqdirdə, itkiləri daha böyük olacaq və nəhayət, mən belə düşünürəm ki, Ukrayna üçün də prezident seçkiləri qaçınılmazdır. Yeni dövlət başçısı hakimiyyətə gəlməlidir ki, Ukraynanı dərin böhrandan çıxarsın”.

 

Lalə Qurbanlı