ABŞ və İran arasında ikinci görüş baş tutdu-ŞƏRH

Tarix: 21:59 24.04.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar yaxşı gedir, lakin nəticə üçün vaxt lazımdır. Aprelin 19-da Romada ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı üzrə dolayı danışıqların ikinci raundu keçirilib. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrətli "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika və İran arasında münasibətlərin normallaşması bizim üçün vacibdir:
"Çünki İran bir təhlükə mənbəyidir. Bu təhlükə mənbəyinin ləğv edilməsi üçün ağıllı addımların atılmasına ehtiyac var, yəni Amerika burada şərt qoyub ki, İran nüvə silahından imtina etsin. İranda bundan imtina etmir. Özünün suveren hüqquqlarının olduğunu deyir. Belə bir şəraitdə təbiidir ki, Amerika məsələyə radikal yanaşa bilər. İranda daxili qarışıqlıqlar baş qaldıra bilər. Ona görə də İranla Amerikanın apardığı bu danışıqlar önəmlidir. Yəni masa arxasında məsələ həll edilərsə gərginlik aradan qalxmış olar".
O, həmçinin açıqlamsında bildirib ki, təbiidir ki, gərginlik davam edəcək:
"Bu da vətəndaş qarşı durmasına qədər gedib çıxa biləcək. İranın dünyada insan hüquqlarına ən hörmətsiz ölkə kimi tanınır. İranı idarə edən fars molla rejimi insan hüquqlarını heçə sayır. İran dünyanın baş ağrılarından biridir. Onlardan biri Rusiyadır. Həm bölgəmizdə, həm də dünyada Rusiya təhlükəsi ciddidir onunla bərabər İran təhlükəsidə ciddi məsələdir. İran sadəcə olaraq öz daxilində deyil. Xaricində də özəliklə də türk, islam aləmində çox ciddi təhlükə təşkil etməkdədir. Düzdür, Qərb üçün də təhlükədir. Amma daha çox regionumuz üçün təhlükəlidir. Ona görə də İranın zərərsizləşməsi uğurunda atılan istənilən addımı türk dünyası dəstəkləməlidir. İran nə qədər tez tərki-silah edilərsə, bu hamıdan çox türk dünyasının xeyrinə olacaq".
Ayşən Səlimova