Peskov: “Ukrayna üzrə irəliləyiş mürəkkəb prosesdir”

Bölmə: Siyasət › ,
Tarix: 21:18 01.05.2025

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ Ukrayna ilə bağlı intensiv danışıqlar aparır. Lakin Vaşinqtonun sürətli nəticə istəməsinə baxmayaraq, bu proses çox mürəkkəbdir.

 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında deyib ki, Rusiya ilk növbədə öz maraqlarını təmin etməyə çalışır:

 

“Trampın sürətli həll istəməsinin səbəbi, mənim fikrimcə, şəxsi siyasi maraqları ilə bağlıdır. Yəni hakimiyyətdə olduğu müddətdə bu məsələni öz adı ilə həll etmək istəyir. Rusiya isə öncə öz istəklərinin reallaşmasını istəyir – tutduğu ərazilərdə qalmaq, sanksiyaların və embarqoların aradan qaldırılması, eləcə də Ukraynanın NATO-ya üzv olmaması”.

 

Müsahibimizin sözlərinə görə, ABŞ-lə Rusiya arasında razılaşdırılması çətin olan bir sıra məsələlər mövcuddur:

 

“Rusiya istəmir ki, Ukraynanın təbii resurslarını ABŞ mənimsəsin. Amerika isə Rusiyanın Ukrayna üzərində tam nəzarəti ələ keçirməsinə qarşıdır. Hazırkı şəraitdə atəşkəs üçün münbit zəmin formalaşıb və bu, tərəflər üçün ən optimal variantdır. Müharibə uzandıqca bütün iştirakçılar üçün daha çox ziyan gətirir. Atəşkəsdən öncə isə Tramp və Putin arasında birbaşa dialoq baş tutmalıdır. Əgər üzbəüz görüş mümkün olarsa, bu, prosesi sürətləndirə bilər”.

 

Səyyarə Mirzəyeva