Ağıllı telefonlar 3 yaşlıları niyə danışdırmır?-Nitqsiz böyüyən nəsil

Tarix: 11:09 02.05.2025
Son illər Azərbaycanda valideynlərin diqqətindən yayınan, lakin getdikcə böyüyən bir problem ortaya çıxır: 2-3 yaşlı uşaqların danışmağa gec başlaması və bəzi hallarda nitq inkişafının ciddi şəkildə ləngiməsi. Mütəxəssislər bu vəziyyətin əsas səbəblərindən birinin erkən yaşlardan etibarən uşaqlara smartfon və planşet verilməsi olduğunu deyirlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Sibel Piriyeva bildirib ki, valideynlər övladlarını vaxtında pediatrik nəzarətə aparmalı, yaşıdlarından fərqləndiyini müşahidə etdikdə isə mütləq uşaq psixoloquna müraciət etməlidirlər:
"Uşaqlarda nitq problemləri müxtəlif səbəblərlə əlaqədar yarana bilər: zəka geriliyi, sosial problemlər, ünsiyyət çatışmazlığı və s. Məsələn, bu sahədə 3 yaşlı uşaqlarla maraqlı bir eksperiment aparılmışdır. Yeni doğulan uşaqlar iki qrupa bölünüb. Hər iki qrupun yeməyi, içkisi və baxımı təmin olunurdu. Lakin ikinci qrupun birinci qrupdan fərqi ondan ibarət idi ki, onlarla heç bir ünsiyyət qurulmurdu. Nəticədə, bu qrupdakı uşaqlar 3 yaşa çatmadan həyatlarını itirirdilər. Bu hadisə elmi ədəbiyyatda "qospitalizm" olaraq adlandırılır. Qospitalizm sindromu göstərir ki, ünsiyyət bizim üçün qida və su qədər təbii və zəruri bir ehtiyacdır".
Həmçinin psixoloq açıqlamasında qeyd edib ki, uşaqlarda nitq iki mərhələdə – passiv və aktiv formada inkişaf edir:
"Adətən, uşaq 1 yaşa qədər qığıldamağa başlayır ki, bu da nitqin formalaşmasına zəmin yaradır. Bu yaş dövründə uşaq səslər çıxarmalı və eşitdiyi səsləri təqlid etməlidir. Bu prosesi ən çox təşviq edən amil isə böyüklərin uşaqla qurduğu ünsiyyətdir. Qeyd olunmalıdır ki, telefonun özü uşağın nitq və zəka inkişafında gerilik yaratmır. Problem ondan ibarətdir ki, telefonda qarşılıqlı ünsiyyət yoxdur. Bu da uşağın nitq bacarıqlarının inkişafına mənfi təsir edir. Uşaqları nitqə təşviq edən müəyyən mərhələlər var: göz kontaktı qurmaq, təqlid etmək, eyniləşdirmə və s. Uşağın danışması üçün əvvəlcə bu ilkin bacarıqlara yiyələnməsi vacibdir. Valideynlər övladlarını vaxtında pediatrik nəzarətə aparmalı, yaşıdlarından fərqləndiyini müşahidə etdikdə isə mütləq uşaq psixoloquna müraciət etməlidirlər".
Qəmər Kazımzadə