UAIS tipli hərbi texnika daşıma vaqonları xidmətə hazırlanır

Tarix: 15:07 17.06.2025
Nəqliyyat və İnfrastruktur naziri Uraloğlu, 2025–2026-cı illərin istehsal proqramı çərçivəsində istehsal olunacaq 100 UAIS tipli vaqonun Türkiyə Respublikası Dövlət Dəmir Yolları Daşımacılıq inventarına daxil ediləcəyini və bu vaqonların həm Türkiyə Silahlı Qüvvələrinə (TSQ), həm də mülki daşımalara xidmət edəcəyini bildirib.
Uraloğlu, UAIS tipli hərbi texnika daşıma vaqonlarının istehsalında son mərhələyə gəlinməsinə diqqət çəkərək bildirib:
“Vaqonlarımız tamamilə yerli və milli resurslarla, 95 faiz yerli istehsal nisbətilə hazırlanıb. Başda Altay tankı olmaqla, Korkut, Samur, Kirpi, TOMA və zirehli şəxsi daşıma vasitələrini daşıya biləcək.”
İnventarda olan 104 hərbi texnikadan 78-i daşına biləcək
Uraloğlu, TÜRASAŞ-ın Türkiyə Silahlı Qüvvələrinin inventarında olan və quru yolu ilə daşınması çətin olan paletli, təkərli və digər xüsusi texnikaların dəmir yolu ilə daşınması üçün 2023-cü ildə layihələndirmə işlərinə başladığını xatırladıb.
Uraloğlu qeyd edib ki, TSQ-nin zirehli texnikalarını daşıyacaq bu vaqonlar 22 ton boş çəkidə, 14,5 metr uzunluğunda və 68 ton yükdaşıma qabiliyyətinə malik olaraq dizayn edilib:
“Vaqonlarımız saatda 100 kilometr sürətə çata biləcək texniki imkanlara sahibdir.”
O bildirib ki, UAIS tipli hərbi texnika daşıma vaqonları ilə TSQ-nin inventarında olan 104 hərbi texnikadan 78-nin daşınması mümkündür.
Uraloğlu onu da vurğulayıb ki, UAIS tipli vaqonlar yalnız Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaqla kifayətlənməyəcək, eyni zamanda mülki daşımacılıq sahəsində də konteynerlərin daşınması üçün layihələndirilib:
“Avropa Qarşılıqlı Əməliyyat Tələbləri (TSI Sertifikatı) çərçivəsində sertifikat almış bu vaqonlar Avropa dəmir yollarında da istifadə oluna biləcək.”
TRT Haber
Xəlilli Nigar