Şəxsiyyətin formalaşdığı dövrdə psixoloqlar nə deyir?

Bölmə: Sosial › ,
Tarix: 21:09 27.06.2025

 


Yeniyetməlik dövrü həyatın ən mürəkkəb, önəmli mərhələlərindən biridir. Bu yaşda gənclər həm fiziki, həm də psixoloji olaraq böyük dəyişikliklər yaşayır, sosial münasibətlərdə yeni çağırışlarla üzləşirlər.


Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova “İnformator.az”a açıqlamasında bildirib ki, yeniyetməlik dövrü insan həyatında ən həssas və transformativ mərhələlərdən biridir:


“Bu yaş dövründə beyin inkişafı davam edir, xüsusən də frontal korteks qərarvermə, impulsların idarə olunması və planlama kimi funksiyalar hələ tam formalaşmayıb. Gənclər bu səbəbdən emosional reaksiyalara daha meyilli ola bilirlər. Eyni zamanda, şəxsiyyət formalaşır, “mən kiməm?” sualı aktuallaşır. Bu dövrdə gənclər həm müstəqillik arzusu, həm də qəbul edilmək ehtiyacı arasında sıxışa bilirlər.


Ən önəmli metod açıq, dəstəkləyici və mühakiməsiz ünsiyyətdir. Gənclərlə təzyiqsiz, dinləyici şəkildə danışmaq onları daha çox paylaşmağa həvəsləndirir. Psixososial maarifləndirmə də vacibdir. Yəni onlara riskli davranışların nəticələri, emosiyalarını tanımaq və ifadə etmək yolları öyrədilməlidir. Ailənin və məktəbin birgə əməkdaşlığı, psixoloq dəstəyi və bəzən qrup terapiyası da faydalı ola bilər.

 

Dost qrupları yeniyetmələr üçün bir növ “güzgü” rolunu oynayır. Onlar özlərini bu sosial mühitdə tanıyır, bəzən isə qəbul olunmaq naminə dəyərlərindən uzaqlaşa bilirlər. Sosial təzyiqlər xüsusən də moda, texnologiya, zərərli vərdişlər və görünüşlə bağlı sahələrdə gənclər üçün çox güclüdür. Buna görə, valideynlərin və müəllimlərin bu dost çevrələrini qadağan etmədən, amma nəzarət edərək müşahidə etməsi, yeniyetməyə sağlam özünəgüvən aşılamağa çalışması çox önəmlidir”.

 

Əminə Əliyeva