Bütün bəşəriyyətə qarşı vandalizmdir

Tarix: 20:44 07.07.2025
Ermənilərin Azərbaycanın maddi və mədəni irsini məhv etməsi təkcə Azərbaycana deyil, həm də ümumbəşəri dəyərlərə qarşı vandalizm aktıdır. Bu barədə “The Gulf Observer” yazıb. Xüsusilə vurğulanıb ki, Kəlbəcər rayonundakı XIII əsrə aid Xudavəng monastırının qədim əlyazmaları və Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilmiş qiymətli tapıntılar kimi nadir mədəniyyət nümunələri işğal dövründə gizlicə Ermənistana aparılıb. “The Gulf Observer” qeyd edib ki, uzunmüddətli işğala baxmayaraq, bu gün Azərbaycan öz vəsaiti hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə genişmiqyaslı işlər aparıb. "Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə insan artıq doğma yurdlarına qayıdıb. Proqramın birinci mərhələsi 2026-cı ildə başa çatacaq və bu zaman təxminən 140 min insan öz doğma evlərinə qayıdıb olacaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında mədəni irsin qorunması üzrə dövlət xadimi Fariz Hüseynli bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarına əsasən işğaldan azad olunmuş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb:
"Mədəniyyət Nazirliyi tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırılması həyata keçirilib. Görülən işlər nəticəsində abidələrin qəsdən dağıdıldığı, yandırıldığı, mənimsənildiyi, vandalizm aktlarına məruz qaldığı, qəbiristanlıq, məscid, türbə kimi dini-mənəvi baxımdan mühüm dəyər kəsb edən yerlərdə hətta təhqiramiz hərəkətlərə yol verildiyi, Azərbaycan tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir sıra abidələrin orijinal memarlıq xüsusiyyətlərinin qəsdən və məqsədyönlü şəkildə dəyişdirildiyi və ya müdaxilələr edildiyi, özününküləşdirildiyi, o cümlədən hərbi məqsədlər üçün istifadə edildiyi aşkar edilib".
Dövlət xadiminin sözlərinə görə, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılmış, 114 abidə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qalmış, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib:
"Baxış keçirilən bəzi ərazilərdə qanunsuz arxeoloji qazıntı, eləcə də “təmir-bərpa” işlərinin aparılmasına dair faktlar, bir neçə tarixi abidənin üzərindən və ya həyətindən mühüm tarixi elementlərin oğurlandığı aşkar olunub. İnventarlaşdırma işləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrinin, mədəni irs obyektlərinin əksəriyyətinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dağıdıldığı faktlar sənədləşdirilib.Bütün bunlar həm Azərbaycan Respublikasının qanunvericiliyinin, həm ümumbəşəri dəyərlərin, həm də beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasının göstəricisidir".
Aygün Babayeva