İki ölkə arasındakı əməkdaşlıq bəzi dairələri narahat edir

Tarix: 19:11 08.07.2025
Son günlərdə İranın bəzi sosial media kanallarında Azərbaycana qarşı səsləndirilən sərt və qərəzli fikirlər iki ölkənin ictimaiyyətləri arasında narazılıq doğurub. Xüsusilə SEPAH-ın “Pasdaran” adlı Telegram kanalının başlatdığı qara piar kampaniyası bu narazılığı daha da artırıb.
SEPAH-ın “Pasdaran” kanalı Azərbaycana qarşı nə iddia edib?
Bu təxribatın arxasında hansı məqsəd dayanır?
Mövzu ilə əlaqədar politoloq Sahil Kərimli "İnformator.az"a bildirib ki, bu cür təxribat xarakterli açıqlamalar ermənipərəst dairələrin İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək istiqamətində atdığı növbəti addımlardır:
"Son aylarda Azərbaycanla İran arasında hərtərəfli əməkdaşlığın genişlənməsi, münasibətlərin istiləşməsi və dərinləşməsi təbii ki, Ermənistandakı radikal dairələri ciddi şəkildə narahat edir. Çünki İran uzun illər Ermənistana dəstək vermiş, onu müdafiə etmiş bir ölkə imicini formalaşdırıb.
Lakin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Pezeşkianın son dövrlərdəki sıx təmasları, İranla Azərbaycan arasında münasibətlərin istiləşməsi və inkişaf etməsi, eyni zamanda Pezeşkianın Azərbaycana səfərləri və sonuncu dəfə də Xankəndidə keçirilən tədbirdə iştirakı Ermənistandakı dairələri narahat edir. Ermənistan anlayır ki, artıq oyundankənar vəziyyətə düşür. Həmçinin, Azərbaycanın regionda güclənməsi də narahatlıq doğuran əsas səbəblərdəndir.
Bu cür təxribatçı dairələrə İran hökumət nümayəndələrinin reaksiya verməməsi müəyyən qədər təəssüf doğurur. Çünki İranın rəsmi dairələri bu cür təxribatçı qüvvələri cəzalandırmalı və onların fəaliyyətinin qarşısını almalıdır. Azərbaycan tərəfi də məhz bunu gözləyir.
İran daxilindəki bəzi radikal qüvvələrin, eləcə də bəzi sosial şəbəkələrin Azərbaycana qarşı apardığı qərəzli kampaniyalar, əslində, Ermənipərəst dairələrin həm Ermənistandan idarə olunan, həm də İran daxilindəki təxribatçı fəaliyyəti ilə bağlıdır. Bu isə böyük təəssüf doğurur".
Türkan Kərimli