“Jurnalistika ictimai rəyin formalaşmasında önəmli rol oynayır”-Zaur Babayev

Tarix: 21:27 22.07.2025
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda Milli Mətbuatın inkişafında xidmətlərinə görə bir sıra media nümayəndələri təltif olunublar.
Onlardan biri də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Zaur Babayevdir.
Mövzu ilə bağlı Zaur Babayev “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada baş verən hadisələr son illərdə sübut edir ki, jurnalistika ictimai rəy və fikir formalaşdırmasında əsas bir yer tutur:
“Onu danmaq mümkün deyil. Ona görə də Həsən bəy Zərdabinin 150 il bundan əvvəl nəşr etdiyi “Əkinçi qəzeti” bizim ilk qaranquşumuz idi. Bu qaranquş sayəsində indi də biz o qanadlar ilə uçuruq. Həmin jurnalistika Azərbaycanda da inkişaf edir. Azərbaycanda xeyli maraqlı jurnalistlər var. Hər birini bu bayram münasibətilə və Cənab Prezidentin Sərəncamına əsasən mükafat verilməsi baxımından təbrik edirəm. Ümumiyyətlə, hər bir zəhmət qiymətləndiriləndə o daha da maraqlı olur. O iş daha da yaxşı və motivasiyalı olur. O işi görən insan həvəslənir, ruh yüksəkliyi ona verilir. Mən də o sıralarda olduğum üçün həm fəxr edirəm, həm də öz kollektivimə - Jurnalistika fakültəsinə öz minnətdarlığımı bildirirəm. Tələbələrimə də öz təşəkkürümü bildirirəm. Jurnalistika fakültəsi bütün fakültələr, ixtisaslar arasında fərqlənir. Ona görə fərqlənir ki, bu peşədə tələbə ilə müəllim həmkardır. Biz hər birimiz jurnalistik. Bu xüsusiyyət fakültədə təmizlik, şəffaflıq, ədalətin bərqərar olması yolunda həmişə ilk sıralardadır. Hər birimizi təbrik edirəm. 150 il az il deyil. Amma indiki zamanda, çox çətin vaxtda mətbuatla bilavasitə ictimai rəyi formalaşdırmaq rolu çox önəmli və vacibdir”.
Nuray Əliyeva