“Azərbaycan Konstitusiyasında Ermənistan ərazisinə heç bir ərazi iddiası yoxdur” -ŞƏRH

Tarix: 21:57 16.05.2025
Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.
Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualına cavab verən Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:
“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələlərdən xəbərdarıq. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiası yoxdur. Bu, artıq hüquqi cəhətdən təsdiqlənmiş faktdır,”– deyə Paşinyan bildirib.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın Azərbaycan yerli televiziyasının sualına cavab verməsi Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoymuş oldu:
“Paşinyan Azərbaycan televiziyasına müsahibə verməklə Ermənistanın mövqeyini çatdırmağa cəhd göstərib. Bu da Paşinyan vasitəsilə düşünülmüş bir giriş idi. Əks təqdirdə, Nikol Paşinyan daim Azərbaycan media qurumlarının suallarını cavabsız qoyub. Hazırkı dönəmdə sülh və danışıqlar prosesi Ermənistandan ləngidildiyi bir dövrdə Paşinyanın bu cür açıqlama verməsi bir daha göstərir ki, Ermənistan konkret olaraq sülh istəmir. Çünki Azərbaycan haqlı olaraq Ermənistandan konstitusiya dəyişikliyi etməyi tələb edir. Burada Azərbaycana qarşı konkret ərazi iddialarından söhbət gedir. Bu iddialar Ermənistan tərəfindən rəsmi şəkildə ortadan qaldırılmalıdır.
Buna görə də konstitusiyada dəyişikliklər edilməlidir. Amma Nikol Paşinyan konstitusiya layihəsinin hələ hazır olmadığını, Ermənistanın buna hazır olmadığını bəyan edib. Əksinə, cavabında Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirib. Bu isə tamamilə absurd və heç bir əsası olmayan bir iddiadır. Çünki Azərbaycan Konstitusiyasında Ermənistan ərazisinə qarşı heç bir ərazi iddiası yoxdur”.
Politoloq əlavə edib ki, hazırda Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqları üzərində qurulub:
“Bu, elə də uzaq keçmiş deyil. Yüz il əvvəl baş verən proseslər məlumdur. Bunu bütün dünya və beynəlxalq ictimaiyyət yaxşı bilir. Ermənistanın özü və havadarları da yaxşı bilir ki, bu günkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu torpaqlar Azərbaycanın qədim və tarixi əraziləridir. Bu reallığı Azərbaycan dövləti və Prezident İlham Əliyev dəfələrlə bəyan edib.
XX əsrin əvvəllərində Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana verilməsi və ya bağışlanması prosesi də aydın məsələdir. Bu məsələlər Azərbaycan Konstitusiyasında konkret şəkildə əks olunmayıb. Ermənistana qarşı açıq ərazi iddiası Azərbaycan Konstitusiyasında mövcud deyil. Ermənistan isə müxtəlif bəhanələrlə əsas məğzindən yayınmağa çalışır və Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir”.
Nuray Əliyeva