Zelenski və Avropa liderləri danışıqlar aparıblar

Tarix: 22:02 16.05.2025
Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Tərəflər İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər. Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk da Trampla telefon danışığı aparıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Fransa, Almaniya, İngiltərə və Polşa Rusiya-Ukrayna münaqişəsinə daha yaxından müdaxilə etmək istəyən ölkələrdir. Bu liderlər Kiyevə səfər etmişdilər. Zelenski ilə görüşdən sonra telefon əlaqəsi saxlayıblar:
"Polşanın Baş naziri hazırda bu danışıq mərhələlərinə qatıla bilmir. Praktiki olaraq bu istiqamətdə söz sahibi deyillər. Onlar sadəcə Ukraynaya mənəvi dəstək nümayiş etdirirlər. Burada artıq nə siyasi, nə də hərbi dəstəkdən söhbət gedir. Makron Rusiyanı hədələdi ki, onlara qarşı ən sərt sanksiyaları tətbiq edəcək. Rusiya tərəfi isə bu hədələri sadəcə ironiya ilə qəbul edib".
Politoloqun sözlərinə görə, Tramp bir müddət öncə vurğulamışdı ki, Avropa liderləri ondan xahiş ediblər Rusiya ilə danışıqlara başlasın. Putin isə onlarla birgə heç bir dialoqa girmir. Prosesləri irəli aparan Tramp və Volodimir Putindir. Tramp dünən qeyd edib ki, çox yaxında ciddi dəyişikliklər olacaq. Bu da proseslərin kulminasiya nöqtəsini göstərəcək:
"Proseslərin mümkün inkişaf konturları artıq görünməkdədir. Növbəti görüşlərin təşkil olunacağı şübhəsizdir. Rusiya-Ukrayna görüşləri İstanbulda başlamışdı, elə İstanbulda da başa çatacaq. Nəticədə isə Rusiyanın şərtlərinin məhdudlaşdırılması və ya yenidən müzakirə olunması gözlənilir".
Aygün Babayeva