Toksik Pozitivlik Nədir?

Tarix: 19:56 08.07.2025
Həyat daim yüksəlişlər və enişlərlə doludur. Hər gün özümüzü müxtəlif duyğular içində tapa bilərik: sevinc, kədər, həyəcan, qorxu, ümidsizlik və ya ümid... Ancaq son illərdə cəmiyyət bizdən daim pozitiv olmağı, mənfi hisslərimizi gizlətməyi tələb edir. “Hər şey yaxşı olacaq”, “Müsbət düşün, hər şey düzələcək” kimi ifadələr, çox vaxt yaxşı niyyətlə deyilsə də, daxili səsimizi susdurur.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az" açıqlamasında bildirib ki , bu fikir və şüarlar əslində bizə Qərb ölkərindən keçmişdir. Toksiklik pozitivi bəzən yaxşı , bəzən də pis təsir edə bilir:
"Bu təkcə psixoloji yox , sosial və mədəni bir təzyiqlə bağlı ortaya çıxan problemdir. Bildiyimiz kimi , Qərb ölkələrində "hər kəsə nəzakətli ol", "hər kəsə gülərüz ol" , "pozitiv ol ", "hər şey yaxşıdır və hər şey yaxşı olacaq" kimi şüarlarla dolu çoxlu təlimlər var.Və bu məşhur Amerikan təbəssümündə belə insanın kefi olmayanda , əsəbi olanda belə yuxarıdaki şüarlar səsləndirilir və bir müddətdən sonra bu bizim cəmiyyətimizə də təsir edib.Yəni , "hər zaman pozitiv ol , əks halda ətrafdaki insanlara narahatlıq ötürərsən" kimi anlayış formalaşıb. Amma , əlbəttə ki , hər bir insan robot deyil.Bizim hisslərimiz yalnız sevincdən , yalnız gülüşdən , yalnız gözəl anlardan ibarət deyil.Yəni, həyat qalxış və düşüşlərdən ibarətdir.Burada , həmçinin də, mənfi sayılan hisslərə də yer vardır.Biz bu hisslərə yer verməsək , onlar yox olmur. Yəni,gözümüzü bağlamaqla həyatımızın mənfi tərəfləri öz - özünə həll olunub ortadan qalxmır.Daha da pisi odur ki , bu hisslər dərinləşə bilər və bizim müəyyən psixoloji pozuntularımız ortaya çıxa bilər, emosional olaraq tükənə bilərik , insanlar arasında münasibətdə səmimiyyət yoxa çıxa bilər.İnsan bir növ özündən qaçmaqla -yalançı pozitivliklə daha da problemləri dərinləşdirir.Biz özümüzə , təbii ki , yalan danışmamalıyıq".
Dəyərli ekspert müsbət düşüncələrin bizim üçün nə zaman faydalı , nə zaman zərərli olduğundan da söz açıb:
"Müsbət düşüncə , əslində , insanın reallığı inkar etməməsidir.Reallığı qəbul etməsi lazımdır , təbii ki , bu reallıqda mənfilərdə az deyil, amma ümidini də itirməməsi yaxşıdır.Hər bir situasiyada müəyyən bir müsbət axtara bilərik ki , bu hadisə mənə nə verə bilər , nə öyrədə bilər ?Belə yaxınlaşanda biz , təbii ki , özümüzü inkişaf etdirmiş olarıq.Bu sağlam pozitivlikdir.Toksik pozitivlik isə , tamamilə, bunun əksidir.Bütün digər duyğuların inkarı formalaşır.Təsəvvür edin ki , bir insan ağlayır və biz ona "niyə ağlayırsan, narahat olma hər şey yaxşı olacaq" kimi sözlər deyib ona təsəlli verməyə çalışırıq, amma bu zaman onun yanında olmuruq.Yəni , toksik pozitivlik insanın problemini tez düzəltmək istəyimizdən yaranır , empatiyə qurmaq əvəzinə onu susdurur və ortada tamamilə uyğunsuzluq yaranmağa başlayır.Ən sağlamı bizim özümüzlə dürüst olmağımızdır , yəni özümüzə bəzi hisslərimizi yaşamağa icazə verməyimizdir".
Nəzrin Məmmədova