“Şeytanı daşlama mərasimi insanın nəfsinə qarşı verdiyi bir vəddir”

Tarix: 16:07 06.06.2025
Qurban bayramı münasibətilə müsəlmanların müqəddəs Həcc ziyarəti çərçivəsində icra etdikləri vacib mərasimlərdən biri – Mina vadisində şeytanı daşlama bu gün də davam edir.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli "İnformator.az" saytına açıqlamasında bildirib ki, şeytanı daşlama mərasimi təkcə fiziki hərəkət deyil, dərin mənəvi anlam daşıyan bir ibadətdir:
"Bu görüntü zahirən bir divara daş atmaq kimi görünsə də, əslində insanın içindəki kini, küdurəti, nəfsani istəkləri bir-bir söküb atması, şeytana “yox” deməsidir. Bu, Allaha “Ləbeyk” deməkdir – yəni “Sənin əmrinə hazıram, Allahım!”. Həcc yalnız rituallar toplusu deyil, həm də insan ruhunun təmizlənməsi, sanki axirət səhnəsinin təcəssümüdür. Zəvvarlar ehram geyərək bu dünyadan sıyrılaraq axirətin bir halını yaşayırlar. Həcc əslində ömrün bərəkəti, mayasıdır. Bu ibadət insanı həm Allaha yaxınlaşdırır, həm də öz daxilindəki mənfi duyğularla üzləşməyə və onları aşmağa çağırır".
İlahiyyatçı həmçinin vurğulayıb ki, Qurban bayramı və Həcc ibadəti fədakarlıq, sədaqət, vəfa və Allaha yaxınlıq məktəbidir:
"Qurban təkcə heyvan kəsmək deyil. O, bir çağırışdır – insanın Rəbbi ilə ünsiyyətə girməsi, birliyə, qardaşlığa, sevgi və sədaqətə dəvətdir. Bəzən insanlar Həccə gedib gəlirlər, amma qısa müddət sonra o mənəvi yüksəliş itir. Həcc yalnız bir addan ibarət olmamalıdır. O, insanın həyatının dönüş nöqtəsinə çevrilməlidir".
Ayan Əsgərova

Gözəllik salonlarında təhlükəli infeksiyalara yoluxma riskinin araşdırılması və məlumatlandırma məqsədilə onlayn sorğu keçirilir.