"İsrail və ABŞ İranda məqsədlərinə çata bilməyib"

Tarix: 16:58 27.06.2025
İsrail, İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneini öldürmək istəyib.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz “Channel 13” telekanalına müsahibəsində bildirib.
“Əgər o, gözümüzün qabağında olsaydı, onu aradan qaldırardıq. Biz Xameneini öldürmək istəyirdik, lakin əməliyyat üçün şərait yaranmadı”, – deyə nazir qeyd edib.
İsrailin bu addım üçün ABŞ-dən razılıq alıb-almaması ilə bağlı suala Katz belə cavab verib: “Bizim bunlar üçün icazəyə ehtiyacımız yoxdur”.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, uzun müddətdir ABŞ və İsrail İranda hərbi əməliyyatlar aparmaq üçün bəhanə axtarır:
“Uranın zənginləşdirilməsi məsələsi isə sadəcə bəhanədir. ABŞ və İsrailin əsas məqsədi İranda hakimiyyəti dəyişdirərək özlərinə münasib bir rejim qurmaqdır.
ABŞ ümumilikdə Yaxın Şərqdə İsrailin vasitəsilə, Avropada Ukraynanın, Cənubi Qafqazda Ermənistan üzərindən və Uzaq Şərqdə Tayvan vasitəsilə Çin ətrafında vəziyyəti gərginləşdirir. ABŞ-nin əsas strategiyası dünyada xaos yaratmaq və bu xaos fonunda öz geosiyasi maraqlarını həyata keçirməkdir.
İran məsələsində ABŞ-nin əsas hədəfi hakimiyyət dəyişikliyi olsa da, hadisələrin gedişi göstərir ki, uzaqmənzilli raket zərbələri ilə İranın hər hansı obyektinin vurulması və bununla hakimiyyətin dəyişdirilməsi mümkün deyil. Quru əməliyyatları olmadan bu, reallaşa bilməz. Lakin, quru əməliyyatları İsrail üçün böyük fəlakət deməkdir.
Hazırkı vəziyyətdən görünür ki, əgər İsrailin arxasında ABŞ dayanmasa idi, İsrailin belə genişmiqyaslı hərbi əməliyyatlar aparması mümkün olmazdı. İsrail atdığı hər addımı ABŞ ilə məsləhətləşir. ABŞ-nin hazırkı prezidenti Donald Tramp isə yəhudi lobbisinin qarşısında müəyyən öhdəlik götürüb. Trampın hakimiyyətə gəlməsi həm siyasi, həm də maliyyə baxımından dünya yəhudi lobbisinin dəstəyi ilə mümkün olub. Onun hakimiyyətə gəlməsi ilə yanaşı, seçki dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıması bu bağlılığın əyani göstəricisidir. Həm Respublikaçılar, həm də Demokratlar Yaxın Şərqdə İsrail vasitəsilə öz siyasətlərini həyata keçirirlər.
İranda aparılan hərbi əməliyyatlar uzun müddətdir ki, ABŞ və İsrailin kəşfiyyat işlərinin nəticəsidir. İran üzərində agentura əməliyyatları əsasən Ermənistandakı ABŞ səfirliyi vasitəsilə həyata keçirilir. Ermənistanda təxminən üç min diplomatik əməkdaş fəaliyyət göstərir ki, onların 50 faizi Mərkəzi Kəşfiyyat İdarəsinə bağlıdır. Bu ölkədə ABŞ üçün geniş rezidentura şəbəkəsi formalaşıb. Ermənistan üzərindən İran daxilində kəşfiyyat və agentura əməliyyatları aparılıb. ABŞ kəşfiyyatı öz məlumatlarını İsraillə paylaşaraq birgə fəaliyyət göstərib.
İranda müxtəlif generalların, atom enerjisi üzrə alimlərin hədəf alınması uzunmüddətli hazırlıq və planın nəticəsidir. Lakin bir daha qeyd etmək lazımdır ki, uranın zənginləşdirilməsi sadəcə bəhanə idi – məqsəd hakimiyyət dəyişikliyi yaratmaqdır. Ancaq quru əməliyyatları olmadan bu mümkün deyil".
Politoloqun sözlərinə görə, hadisələrin ikinci mərhələsində ABŞ və İsrailin kəşfiyyat qurumları İran daxilində kifayət qədər möhkəmləniblər. Bu kəşfiyyat vasitəsilə ictimai rəyi hakimiyyətə qarşı qaldırmaq və inqilab yaratmaq planları işə salınacaq:
"Ümumilikdə, ABŞ və İsrail İranın daxilində xaos yaratmaq üçün uzaqmənzilli raketlərlə hədəfləri vurmaqla yanaşı, siyasi liderləri də aradan götürməyi planlaşdırırdı. Lakin bu planların həyata keçirilməsi üçün kifayət qədər informasiya və şərait yox idi. Bu cür əməliyyatlar beynəlxalq hüquqa tamamilə ziddir. Xalq tərəfindən seçilmiş dövlət başçılarının başqa bir dövlətin siyasi iradəsi ilə aradan götürülməsi dövlət terrorunun tərkib hissəsidir və beynəlxalq hüquq tərəfindən qətiyyətlə qadağan olunub. İsrail və ABŞ-nin İrana qarşı apardıqları əməliyyatlar nə beynəlxalq hüquqa, nə də siyasi reallıqlara uyğundur.
Çünki real siyasi vəziyyət göstərir ki, İran bu məsələdə haqlıdır. ABŞ və İsrailin məqsədi İranda hakimiyyət dəyişikliyi yaratmaq olsa da, buna nail ola bilmədilər.
BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, İran özünü müdafiə etmək hüququna malikdir. Bu çərçivədə İran İsrailin müxtəlif obyektlərinə zərbələr endirib.
Məqsəd nədir? İranda hər hansı 100 mərminin partlaması hakimiyyətə ciddi təsir göstərmir, əksinə, İran ictimaiyyəti hakimiyyət ətrafında birləşir. Digər tərəfdən, İsraildə İrana aid 10 mərminin partlaması ictimai narazılıq doğurur. İsrail daxilində bəzi siyasi xadimlər bu cür hərbi əməliyyatlara qarşıdır və ictimaiyyət hakimiyyətin bu siyasətinə etiraz edə bilər. Buna görə də atəşkəs müvəqqəti xarakter daşıyır.
ABŞ və İsrail İran daxilində ictimai rəyi öz lehinə dəyişmək üçün agentura şəbəkəsindən istifadə etməyə çalışacaqlar. Bu prosesin nəticəsi zamanla məlum olacaq. Lakin İranın xüsusi xidmət orqanları artıq ABŞ və İsrailin agentura şəbəkəsini aşkar etmək üçün əməliyyatlara başlayıblar.
Nəticə olaraq, İsrail və ABŞ İrana qarşı apardıqları əməliyyatlarla məqsədlərinə çata bilməyiblər. Bu münaqişədə İranda hakimiyyət dəyişiklikləri baş verməyib və proseslərin gedişi göstərir ki, İran öz suverenliyini və təhlükəsizliyini qorumaqda davam edir”.
Aytən Ağazadə