Rusiyaya zərbələrin sayı artırılacaq-Umerov

Bölmə: Siyasət › ,
Tarix: 21:39 27.06.2025

 

Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib ki, Ukrayna Rusiya ərazisinə uzaqmənzilli zərbələrin sayını bir neçə dəfə artıracaq.O bildirib ki, ötən il Ukrayna on minlərlə uzaqmənzilli PUA əldə etmək üçün müqavilə bağlayıb və bu ona düşmən ərazisinin dərinliklərindəki kritik hədəflərə müntəzəm olaraq dəqiq zərbələr endirməyə imkan verib:

 

"Təxminən iki həftə əvvəl əməliyyatların sayının bir neçə dəfə artırılması barədə qərar qəbul edilib və zərbələrin intensivliyini, miqyasını artırmaq üçün on minlərlə yeni uzaqmənzilli pilotsuz uçan aparatlara dair müqavilə artıq hazırlanır".

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələ Kreml üçün problem yarada bilər:

 

“Ukraynanın Rusiyanın dərinliklərinə uzaqmənzilli zərbələr endirməsi ilk növbədə Kreml üçün ciddi siyasi-ictimai problem yarada bilər. Çünki Rusiyanın əsasən hərbi obyektlərinə ölkənin dərinliklərində vurulmuş zərbə Rusiyanın hərbi potensialına sarsıdıcı problemlər deməkdir. Belə situasiyada isə Rusiya istər-istəməz hərbi potensialının artırılması üçün və yaxud bərpa edilməsi üçün iqtisadi faktorları daha çox ön plana keçirmək məcburiyyətində qalır və bu da büdcə itkiləri və əlavə xərclər anlamı daşıyır. Belə əlavə xərclər isə ölkənin sosial büdcəsindən kəsilir. Digər tərəfdən Rusiyanın daxilində intensiv hərbi zərbələr Rusiya cəmiyyətinin əhval-ruhiyyəsində də ciddi dəyişikliklər yarada biləcək faktordur. İlk növbədə, Rusiya cəmiyyəti savaşı daha çox ölkə daxilində hiss etməyə başlayacaq. Belə vəziyyətdə də savaşdan tədricən yorulmağa başlayan Rusiya cəmiyyəti Kremldən müharibənin sona çatdırılmasına yönəlik tələblər irəli sürə bilər. Bu bütün hallarda Rusiyanın dərinliklərinə endiriləcək hərbi zərbələr Rusiyanın daha da zəifləməsinə və müqavimət potensialının tükənməsinə yol aça biləcək addımdır. Bu baxımdan Ukrayna hökumətinin seçdiyi bu savaş variantı taktikası olduqca effektiv ola bilər. Ona görə də, doğru yanaşma hesab edilə bilər”.

 

Politoloq Ukraynanın çoxlu sayda PUA almasının onun müqavimət imkanlarını da genişləndirəcəyini qeyd edib:

 

“Eyni zamanda, Ukraynanın daha çox sayda PUA alması Ukrayna ordusunun Rusiyaya qarşı hərbi müqavimət imkanlarını da genişləndirmiş olacaq. Savaşın daha uzun müddətə yayılması baxımından bu rəsmi Kiyevə tamamilə sərfəli bir variantdır. Üstəlik Rusiyanın PUA-lara qarşı müdafiə sistemi o qədər də effektiv deyil və istənilən halda belə savaş alətləri Rusiyanı həm ciddi hərbi, həm də canlı qüvvə itkisinə məruz qoyur. Bu da Rusiya üçün müqavimət potensialının zəifləməsi anlamı daşıyır. Belə vəziyyətdə isə danışıqlar masası arxasında Rusiyanın mövqeləri nisbətən zəifləmiş olacaq və bunun əksinə olaraq Ukraynanın mövqeləri güclənmiş olacaq. Nəticədə, Kreml Ukraynanın bəzi şərtlərini ən azından qəbul etmək məcburiyyətində qalacaq. Eyni zamanda, Kreml Rusiyanın indiyə qədər irəli sürdüyü bəzi aqressiv, neo-imperialist tələb şərtlərdən də imtina eləmək məcburiyyətində qalacaq”.

 

Lalə Qurbanlı