Zelenski Putinin arzusunu açıqlayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:14 27.06.2025

 

Rusiya Prezidenti Vladimir Putin hələ də Ukrayna və Avropa ölkələrinə təzyiqləri artırmağı planlaşdırır.Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasında çıxışı zamanı deyib.

 

“Bu, Putinin arzusudur - marjinal səslərin nüfuz qazandığı və birliyə deyil, parçalanmaya tərəfdar çıxdığı dağılmış Avropanı görmək.... Ona görə də Rusiya nə qədər ekstermist olsa da, Avropanı daxildən zəiflətməyə çalışan hər kəsi dəstəkləyir. Çoxunuz bu təhlükəni açıq şəkildə görür və buna qarşı çıxırsınız”, - Zelenski bildirib.

 

Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki,Zelenski fikirlərində dolayısı ilə haqlıdır:

 

“Bəli, Rusiya üzvü olmadığı NATO da daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatları zəiflətmək və dağıtmaq niyyətindədir. Bunu başda ABŞ olmaqla, aparıcı Avropa ölkələri də yaxşı anlayır. Bu məsələdə Putinin, təbii ki, yanında dayanan gizli müttəfiqləri və həmfikirləri var. Onların başında Çin gəlir. Ardınca İran, Hindistan, nə qədər qəribə səslənsə də, Şimali Koreya və hətta NATO üzvü olsa da, Türkiyə kimi ölkələr yer alır.

 

Kremlin sahibi Ukrayna müharibəsindən sonra mövqeyini daha da sərtləşdirib. O, anlayır ki, Avropanı zəiflətmədən sanksiyalardan qurtulmaq mümkün deyil. Putin həmçinin Rusiyanı özündən sonra güclü Qərb müttəfiqlərinin qarşısında zəif vəziyyətdə qoymaq istəmir. Artıq bu məqsədlərinə müəyyən qədər nail olub. Məsələn, NATO və Avropa İttifaqı daxilində yaranan fikir ayrılıqları dediklərimizin açıq sübutudur.

 

Zelenski də bu çıxışı səbəbsiz etmir. O, Avropa dövlətlərinin vəd etdikləri dəstəyi tam şəkildə vermədiyini görür. Həmçinin müharibənin ilk günlərindən bəri bu dəstəklə bağlı ortaya çıxan fikir ayrılıqlarını da izləyir. Bu çıxışı ilə o, bir növ həyəcan təbili çalır. Mesaj verir ki, “gözü çıxmış qardaşınız gözünüzün önündədir, növbəti siz ola bilərsiniz”.

 

Bəli, Rusiya indi gözü qızmış vəziyyətdə görünür. Təbii ki, hazırda qabaqcıl Avropa ölkələri ilə birbaşa savaşa girmək istəməz. Amma əmin olun ki, ehtiyac yaranarsa, bu addımı da ata bilər. İran nümunəsi göz önündədir. Tehran bu hücumları təkbaşına həyata keçirməyib. Arxasında güclü Rusiya və qardaş Türkiyənin dəstəyini hiss edib. ABŞ hücum etdikdən sonra İranın cavab zərbələri endirdiyini gördü və nəticədə İsrailə atəşkəs razılaşması üçün müraciət etmək göstərişi verib”.

 

Cavanşir Abbaslı qeyd edib ki, Putin yaxşı anlayır ki, Avropa ölkələrinin heç biri birbaşa müharibəyə daxil olmaq istəmir:

 

“Buna dəfələrlə şahid də olub. Bu da ona müəyyən qədər arxayınlıq verir. Artıq Avropada da özünə müttəfiqlər tapmağa başlayıb. Məsələn, Macarıstanın son dövrlərdə sərgilədiyi mövqe hər kəsə məlumdur və bu, Avropanı ciddi şəkildə narahat edir.Rusiyanın bu proseslərin içərisində aktiv şəkildə yer alması heç kimə sirr deyil. Avropa bu təsirin daha da genişlənə biləcəyindən narahatdır və bu səbəbdən də səfərbər olunub. Lakin yeganə çatışmayan məqam odur ki, birbaşa müharibədən qaçırlar. Bu da Rusiyanın əl-qolunu açmasına şərait yaradır.

 

Bir sözlə, Avropa daxilində parçalanma riski indiki halda real görünür. Xüsusilə də Ukrayna müharibəsinin fonunda. Bu prosesin hansı istiqamətə gedəcəyini zaman göstərəcək. Lakin istənilən halda hazırkı vəziyyət Rusiyanın xeyrinə, Qərb dünyasının isə əleyhinə inkişaf edir”.


Mahmudlu Ləman