Dənizüstü külək enerjisi qlobal miqyasda güclənir

Tarix: 21:21 27.06.2025
Dünya üzrə dənizüstü (offshore) külək enerjisi sahəsində quraşdırılmış güc ötən ilin sonunda 83 qiqavata çatıb. Bu isə 73 milyon evin illik elektrik enerjisi tələbatını ödəməyə kifayət edir. Göstərici təmiz enerjiyə keçidin sürətləndiyini və bərpa olunan enerji mənbələrinin əhəmiyyətinin artdığını göstərir.
Mövzu ilə bağlı enerji üzrə ekspert Ramiz Kəlbiyev "İnformator.az" saytına açıqlamasında bildirib ki, son illərdə külək və günəş enerjisi ən sürətlə inkişaf edən enerji növlərindəndir və xüsusilə dənizüstü külək enerjisinə maraq artmaqdadır:
“Bu sahənin əsas üstünlüklərindən biri odur ki, torpaq sahəsinə ehtiyac duyulmur və külək potensialı olan dəniz və okean sahillərində geniş ərazilər istifadə oluna bilər. Məhz bu səbəbdən ABŞ, Almaniya kimi inkişaf etmiş ölkələr bu sahəyə böyük investisiyalar yatırır. Dənizdə quraşdırılan külək stansiyalarının ətraf mühitə təsiri isə quruda yerləşənlərə nisbətən daha azdır. Çünki quruda belə stansiyaların tikintisi kənd təsərrüfatı sahələrinə və infrastruktura təsir göstərsə də, dənizdə bu çətinliklər daha az yaşanır. Lakin dərin sularda qurğuların quraşdırılması müəyyən texniki çətinliklər yarada bilər ki, bu da layihələrin xərcini artırır və icrasını çətinləşdirir".
Ekspert Azərbaycanın da bu sahədə potensialının olduğunu qeyd edərək bildirib ki, Xəzər dənizində külək enerjisi ehtiyatı minlərlə qiqavatla ölçülür və ilkin tədqiqatlar bu resursdan istifadə imkanlarını təsdiqləyir. Hətta müəyyən hesablamalar və planlaşdırma işləri də artıq aparılıb:
“Bəzi texniki maneələr — məsələn, gəmilərin hərəkətinə təsir və dənizdə infrastrukturun qurulması ilə bağlı çətinliklər — mövcud olsa da, bu, külək enerjisinin perspektivini kölgə altına atmır. Əksinə, qlobal enerji təhlükəsizliyi və ətraf mühitin qorunması baxımından külək enerjisi gələcəyin əsas enerji mənbələrindən biri sayılır. Azərbaycan da bu sahədə öz mövqeyini gücləndirməyə doğru gedir".
Ayan Əsgərova