Azərbaycanda sosial sahə nəticə əsaslı büdcə mexanizminə cəlb olunur

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:59 27.06.2025

Bu gün Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə və sosial təminat” sektorunun nəticə əsaslı büdcə mexanizminə cəlb olunması ilə əlaqədar yaradılan birgə İşçi qrupunun ilk iclası keçirilib.

 

Məlumata görə, iclasda yeni büdcə mexanizminin tətbiqinə dair yanaşma işçi qrupunun üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin, “Sosial müdafiə və sosial təminat” sektoru üzrə strateji planlaşdırma, risk və strateji təhlillərlə bağlı tövsiyələr təqdim olunub.

 

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, ölkəmizdə yoxsulluq həddinin hesablanmasında dürüstləşdirməyə ehtiyac var:

 

“Nəticə əsaslı büdcə mexanizmi dövlət vəsaitlərindən istifadədə maksimum səmərəlilik və məqsədyönlülüyə nail olmaq deməkdir. Dövlətin sosial müdafiə siyasətində bu mexanizmə keçid xüsusilə vacib əhəmiyyət daşıyır. Məlumdur ki, ölkəmizdə dövlət büdcəsi artıq sosialyönümlü xarakter daşıyır. Əslində isə, büdcə investisiyayönümlü olmalı, iqtisadi inkişafa və artıma xidmət etməlidir. Lakin əsas məsələ bu deyil.

 

Bu günlərdə mətbuatda ölkədəki yoxsulluq həddi ilə bağlı analitik məqaləm dərc olunub. Orada yaşayış minimumu və ehtiyac meyarı barədə fikirlərimi bölüşmüşəm və qeyd etmişəm ki, bu sahədə mövcud mexanizm reallığı əks etdirmir. Bunun əvəzində hər il dövlət büdcəsi ilə birlikdə təsdiqlənən yaşayış minimumu və ehtiyac meyarı göstəriciləri əsasən formal xarakter daşıyır və real vəziyyətə uyğun gəlmir.

 

Nəticə əsaslı büdcə siyasətinə keçid bütün bu problemlərin aradan qaldırılmasına xidmət etməlidir. Yalnız bu şəkildə dövlət büdcəsinin sosialyönümlü xarakteri daha effektiv ola bilər. Yəni, sosial sahəyə ayrılan vəsaitin istifadəsi nəticə göstəricilərinə əsaslanaraq planlaşdırılmalı və bu göstəricilər üzrə qiymətləndirilməlidir. Bu məqsədə nail olmaq isə həm çox ciddi, həm də əhəmiyyətli bir məsələdir”.

 

Xədicə Məhərrəmli