Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib-Tramp

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:07 27.06.2025

ABŞ administrasiyasının tətbiq etdiyi ticarət rüsumları Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar gəlir gətirib.

 

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika dünyanın ən böyük ixracatçısı və idxalçısıdır:

 

“Bu cür manipulyasiyaları həyata keçirə bilir. Belə ki, Amerika böyük əhali sayına və geniş istehlak bazarına malikdir.

 

Rüsumlar dedikdə mühüm sahələrin tənzimlənməsi üsulları tətbiq oluna bilər. Bəzi hallarda, məsələn, Rusiya taxıla, Amerika isə idxal məhsullarına rüsum tətbiq edir. Çünki Amerika bazarında alternativ yoxdur. Hər hansı ölkə Amerikaya bir məhsulu idxal etdikdə, məcburdur ki, bu şərtlərlə razılaşsın. Belə rüsumları yalnız böyük iqtisadi potensiala malik ölkələr tətbiq edə bilər.

 

Bizim ölkəmiz nisbətən kiçik bazara malikdir. Bizə müəyyən rüsumların tətbiq edilməsi idxal-ixrac əməliyyatlarına mənfi təsir göstərə bilər. Digər tərəfdən, daxili istehsalımız ölkə tələbatını tam ödəmədiyindən qiymət artımı müşahidə olunur. Lakin bizdə də bəzi məhsullara rüsum tətbiq edilir. Məsələn, spirtli içkilər, tütün məmulatları və s.

 

Burada bir məsələ də var ki, rüsumlar əsasən istehsalçı ölkələr tərəfindən daha geniş şəkildə tətbiq olunur”.

 

Çimnaz Telmanqızı