NATO ölkələri müdafiə xərclərini artırmaq üçün razılığa gəliblər

Bölmə: Siyasət › ,
Tarix: 21:26 27.06.2025

 


NATO ölkələri Haaqa sammitindən əvvəl müdafiə xərclərinin artırılması ilə bağlı konsensusa nail olublar.Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.


Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ölkələr və hərbi-siyasi bloklar, məsələn, NATO, müdafiə xərclərini artırmaqla elə bir səviyyəyə çata bilərlər ki, bu artım artıq təkcə müdafiə məqsədinə deyil, hücum silahlarının əldə olunmasına da xidmət edər.

 

"Müdafiə ilə hücum sahələrini bir-birindən ayıran görünməz xət var.Bəzi hallarda ölkələr və hərbi-siyasi bloklar, məsələn, NATO, müdafiə xərclərini artırmaqla elə bir səviyyəyə çata bilərlər ki, bu artım artıq təkcə müdafiə məqsədinə deyil, hücum silahlarının əldə olunmasına da xidmət edər. Məsələn, bunu Ermənistanın timsalında da görmək olar. Ermənistan bəyan edir ki, guya müdafiə xətlərini gücləndirmək üçün silah-sursat alır. Amma əslində Hindistan, Fransa və digər ölkələrdən hücum xarakterli silahlar alır və bu, açıq şəkildə onların revanşist meyillərini göstərir. NATO-nun əsas narahatlıq mənbəyi Rusiyadır. Onlar hesab edir ki, Ukraynadakı hərbi kampaniya başa çatdıqdan sonra Rusiya NATO ölkələrinə hücum edə bilər. Bu hücum Polşaya, Baltikyanı ölkələrə və ya başqa istiqamətlərə yönələ bilər. Hətta bəzi fikirlərdə Rusiya ilə Almaniya arasında birbaşa toqquşma ehtimalı da misal kimi göstərmək olar. Əslində isə buradakı təhdidlər real deyil, daha çox mifik xarakter daşıyır. NATO ölkələri bu uydurma təhdidlərə əsaslanaraq bir tərəfdən ajiotaj yaradır, digər tərəfdən isə öz cəmiyyətlərini sakitləşdirməyə çalışırlar. Bildirirlər ki, narahat olmayın, sizin təhlükəsizliyiniz naminə bu addımları atırıq və müdafiə xərclərimizi artırırıq. İstənilən halda hərbi xərclərinin artırılması sabitləşdirici amil kimi görünmür.Əksinə, həyəcan doğuran amil kimi görünür. Çünki açıq şəkildə müharibəyə hazırlıqlar gedir. Digər tərəfdən isə biz bilirik ki, Ukraynada Qərb ölkələri və NATO dövlətləri birbaşa Rusiyaya qarşı hücum kampaniyasını fəal şəkildə həyata keçirirlər. Buna görə də Rusiyanın rəsmiləri bildirirlər ki, onlar yalnız Ukrayna ilə deyil, eyni zamanda təxminən 50-yə yaxın ölkə ilə mübarizə aparırlar.Çünki Ukraynanın arxasında məhz böyük siyahıdan ibarət ölkələr mövcuddur.


Onlar Ukraynaya həm silah-sursat, maliyyə dəstəyi göstərirlər, həm də siyasi dəstəkləri də son dərəcə möhkəmdir.
Bu etdiklərinin də səbəbi təbii olaraq Rusiyadır. Artırma gələcək strategiyanı belə müəyyən edir ki, geri çəkilmə olmayacaq, ancaq irəli addımlanacaq. İnanmıram ki, Ukraynanın hərbi kampaniyası bitdikdən sonra NATO öz yerində dayanacaq. Halbuki, hələ Qarbaçovun dövründən NATO belə bir zəmanət vermişdi ki, əgər Sovet İttifaqı qoşunları Şərqi Avropadan çıxarılarsa, NATO bir addım belə şərqə doğru irəliləməyəcək. Lakin sonradan gördük ki, ABŞ başda olmaqla NATO bu vədinə əməl etmədi. Onların məqsədi sülhpərvər deyildi. Əksinə, şərqə doğru genişlənməyə başladılar və nəticədə Şərqi Avropanın bir çox ölkəsi artıq NATO üzvünə çevrildi. Yəni, NATO-nun strategiyası artıq aydın şəkildə güclü bir əl, güclü bir yumruq formalaşdırmaqdan ibarətdir. Məqsəd odur ki, Rusiyada hətta hipotetik olaraq belə NATO-ya qarşı hərəkət etmək və ya zərbə endirmək kimi bir niyyət formalaşmasın. Mən belə düşünürəm ki, bu tendensiya gələcəkdə də öz gücünü saxlayacaq. Bilirsiniz, bəzən müəyyən prosesləri əsaslandırmaq üçün süni şəkildə bir düşmən obrazı yaratmaq lazım gəlir. Bununla yanaşı, həmin "düşmənə" qarşı PR, informasiya və psixoloji müharibə də aparılır. Biz bu cür müxtəlif müharibə formalarını NATO ölkələri tərəfindən həm Rusiya, həm də Çinə qarşı müşahidə edirik.
Hal-hazırda İsrail-İran qarşı durmasında da, bu meyilin bir işartılarını görürük. Faktiki olaraq, qərb ölkələri İrana, Rusiyaya, Çinə və Şimali Koreyaya qarşı sərt mövqe tutur, onları əsas potensial düşmən kimi görürlər. Onları həm zəiflətmək, həm də lazım gələrsə parçalamaq niyyətindədirlər. İndi isə bu prosesdə İsrail də önə çəkilib. Bu, Amerika ilə razılaşdırılmış bir ssenaridir və biz gördük ki, danışıqlar gedən zaman belə Amerika İrana qarşı aldatma taktikası tətbiq edib.


Bütün bunlar göstərir ki, qərb ölkələri qaydalara uyğun hərəkət etmir, aldadıcı manevrlər edir, rəqiblərini çaşdırmağa və onları çətin vəziyyətə salmağa çalışır. Bunun üçün hətta yalan və hiylədən də istifadə edirlər. Biz gördük ki, Ermənistan da Azərbaycana qarşı bu taktikalardan istifadə edərək hərəkətlərini yönləndirir. Bu, qəbul ediləsi deyil. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistanın istənilən addımının qarşısı alınacaq, çünki onlar bizə düşmən kəsilib və nifrət siyasəti açıq şəkildə özünü göstərir. Bu səbəbdən də dünya siyasi arenasında, geosiyasi meydanda belə trendlərin şahidiyik və onlar heç vaxt səngiməyəcək, əksinə gərginlik daha da artacaq. Onlar bunu əsaslandırırlar ki, yeni dünya nizamı çox ağır və çətin sınaqlarla formalaşmalıdır".

Səmayə Səftərova