Blok imtahanlarından sonra ixtisas qruplarında ümumi vəziyyət

Bölmə: Sosial › ,
Tarix: 18:23 09.06.2025

Hər il minlərlə abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan blok imtahanlarında iştirak edir.

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "İnformator.az"a açıqlamasında bildirib ki, blok imtahanları 2025-ci ildə də təhsil sistemində əsas qiymətləndirmə və seçim mexanizmi kimi çıxış edərək, abituriyentlərin ali təhsilə keçidində ciddi meyar olub:

 

"Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən bu proses bir tərəfdən bilik və bacarıqları ölçür, digər tərəfdən isə ixtisas qruplarında gələcək kadr ehtiyacının formalaşmasına zəmin yaradır. Bu il keçirilən blok imtahanlarının nəticələri göstərdi ki, abituriyentlər yenə də iqtisadi, hüquqi və texnoloji sahələrə daha çox maraq göstərirlər, lakin bəzi sahələrdə marağın azalması və sosial təsirlərlə verilmiş qərarlar təhsil siyasətində ciddi korrektələrə ehtiyac olduğunu nümayiş etdirir. 2025-ci ildə II və III ixtisas qruplarına ən çox müraciət qeydə alınıb. DİM-in ilkin statistik məlumatlarına əsasən, II qrup üzrə qeydiyyatdan keçmiş abituriyentlərin sayı ümumi iştirakçılar arasında 32%-i, III qrup isə 29%-i təşkil edib. Ən az seçim IV qrupda qeydə alınıb – təxminən 9%. I qrup isə texniki sahələr üzrə marağın artmasına baxmayaraq, ümumi sayda 24%-lik göstərici ilə orta mövqedə qərarlaşıb. Bu nəticələr göstərir ki, abituriyentlərin əksəriyyəti hələ də “çevik iş imkanları” olan, dövlət strukturlarında işləmək potensialı daşıyan və ya özəl sektorda daha tez mövqe tutmaq mümkün olan sahələrə yönəlirlər. Lakin bu, uzunmüddətli perspektivdə əmək bazarında müəyyən disbalansların yaranmasına gətirib çıxara bilər.
Tələbənin ixtisas seçimi birbaşa nəticəyə əsaslanır və nəticənin formalaşmasında testlərin struktur keyfiyyəti, psixoloji faktorlar və məktəb mühiti mühüm rol oynayır. Bu baxımdan, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi sual modelləri və balların bölgüsü illərdir tənqid mövzusudur. Məsələn, bəzi testlərdə tətbiq edilən suallar fənn kurikulumunu aşaraq abituriyentin deyil, ali məktəbdə tədris ediləcək biliklərə yönəlib. Bu isə “Azərbaycan Respublikasında Təhsil Haqqında” Qanunun 14.2-ci maddəsinə – yəni təhsilalanın yaşına və səviyyəsinə uyğun qiymətləndirmə prinsipinə ziddir. Belə hallar abituriyentlərin motivasiyasını azaldır, sosial ədalət hissini zəiflədir və ailələri repititor asılılığına salır. Ən çox bal toplanan və seçilən ixtisaslar sırasında bu il də “Hüquqşünaslıq”, “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat” və “Maliyyə” ixtisasları yer alır. Məsələn, Bakı Dövlət Universiteti və ADA Universitetində hüquq ixtisası üzrə keçid balının 620-ni keçəcəyi gözlənilir. Bu isə həm də təhsil müəssisəsinin nüfuzu, həm də həmin sahəyə olan əmək bazarı yönlü maraqla bağlıdır. Lakin bu ixtisaslarda təklif-tələb nisbəti pozulduqda, gələcəkdə işsiz hüquqşünas və iqtisadçı ordusu yaranması real təhlükədir. Buna qarşı dövlətin ali təhsil planlaşdırması ilə əmək bazarının ehtiyacları arasında daha dəqiq əlaqə qurması vacibdir. Yekunda qeyd edilməlidir ki, blok imtahanlarının nəticələri, ixtisas qruplarındakı vəziyyət və qəbul prosesinin struktur problemləri təhsil sisteminin daha sistemli və məqsədli şəkildə idarə olunmasına olan ehtiyacı təsdiqləyir. Qəbul mexanizmi yenidən nəzərdən keçirilməli, əmək bazarına əsaslanan kadr planlaması aparılmalı, sosial bərabərlik prinsipinə uyğun dəstək sistemləri yaradılmalıdır. Əks halda, təhsilin transformasiyası yalnız rəqəmlərlə ölçüləcək, real inkişaf və inklüzivlik isə baş verməyəcək".

 

Fatimə Heydərova