"Parkinq qiymətlərindəki artım qanuna ziddir"-Ekspertdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 15:57 06.06.2025

 

"28 Mall" ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinq haqqı 1 manatdan 2 manata qaldırılıb. Eyni qiymət artımının “Gənclik Mall” və digər ticarət mərkəzlərinə məxsus yeraltı dayanacaqlarda da tətbiq olunduğu bildirilir.

 

Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, bu hadisə qanuna ziddir:

 

“Təəssüf ki, bizdə harada tələbat artırsa, orada süni qiymət artımı müşahidə olunur. Ümumiyyətlə, heç bir əsas olmadan qiymət artımı qaydalara və qanunvericiliyə ziddir.

Başqa bir məqama da toxunmaq istəyirəm: məsələn, Azərbaycanın hər yerində qanunvericiliyə əsasən, 15 dəqiqə ərzində parkinq pulsuz olmalıdır. Hətta hava limanında belə bu qayda tətbiq olunur.

Lakin Qış parkında yeraltı dayanacağa daxil olan kimi ödəniş tələb olunur. Bu, çox absurddur.Qanunla qeyri-iş günlərində parkinq ödənişsiz olmalıdır. Bizdə isə yalnız bazar günləri ödənişsiz olur, digər qeyri-iş günlərində ödəniş tələb olunur.

Qeyd etmək lazımdır ki, şənbə, bazar və qanunla müəyyən edilmiş qeyri-iş günləri parkinq ödənişsiz olmalıdır. Təəssüf ki, real vəziyyət belə deyil.Dünyanın heç bir yerində bu dərəcədə anormal vəziyyətə rast gəlinmir. Məsələn, yağış yağdı, tıxac yarandı, ticarət mərkəzlərində avtomobillərin sayı artdı – o dəqiqə qiyməti artırırlar. Bunlar xoşagəlməz və qanuna zidd hallardır".

 

Fatimə Şahverdiyeva