Uşaq Qidalanması və Piylənmə Problemi

Tarix: 20:04 09.06.2025
Uşaqların sağlam inkişafı üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Balanslaşdırılmış və yaşa uyğun qidalanma uşağın həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir. Lakin son illərdə qeyri-sağlam qidalanma vərdişlərinin artması uşaq piylənməsi problemini daha da aktuallaşdırır.
Məsələ ilə bağlı ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti, həkim-pediatr Nigar Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, müasir dövrdə hibrid həyat tərzimiz qidalanma vərdişlərimizin dəyişməsinə, ekran məruzə müddətinin artmasına və oturaq həyat tərzinin yayılmasına səbəb olub. Bu da həm uşaqlar, həm gənclər, həm də yetkinlər arasında bir çox xəstəliklərin yayılmasına və inkişafın ləngiməsinə gətirib çıxarıb:
“Belə ki, uşaqlar arasında piylənmə, autizm spektr pozuntuları, gənclər arasında polikistik yumurtalıq sindromu, sızanaqlar, tüklənmə, sosial təcridolunma, insulinə qarşı dözümlülük (rezistentlik), yetkin insanlar arasında isə allergik problemlər, mədə-bağırsaq xəstəlikləri, həzmsizlik, qəbizlik və sonsuzluq kimi hallar müşahidə olunur. Bütün bunlar ətraf mühit amilləri, xüsusilə hormon pozucu maddələr, hazır və işlənmiş qidalar, fast-food, junk-food və şəkərli-asitli içkilərin həddindən artıq qəbulu ilə əlaqədardır.
Piylənmə nəticəsində bel çevrəsinin artması, daxili orqanların yağlanması və metabolik risklər yaranır. Piylənməsi olan uşaqların yeniyetməlik dövrünə erkən daxil olması və böyümənin vaxtından əvvəl sonlanması boy inkişafına mənfi təsir göstərir. Sedentar həyat tərzi və passiv ekran məruzəsi isə artıq "yeni siqaretlər" adlandırılır".
Müsahibimiz epigenetik sağlamlığın qorunması üçün profilaktik tədbirlərin vacibliyini vurğulayır:
"Paketlənmiş şirniyyatlar, çipslər, işlənmiş kolbasa və sosis kimi ət məhsulları təkcə həzm sistemində problemlərə deyil, həm də sağlamlığımız üçün vacib olan bağırsaq mikrobiotasının keyfiyyət və kəmiyyət tərkibinin pozulmasına səbəb olur. Sənaye məhsullarını çox qəbul edən insanlarda mikrobiotanın çeşidliliyi sürətlə azalır. Bu isə immun sisteminin zəifləməsi və müxtəlif xəstəliklərlə mübarizənin çətinləşməsi ilə nəticələnir.
Bir həkim olaraq sadə bir məntiqlə izah edə bilərəm ki, bu günə qədər heç bir xəstəmə heç bir xəstəlik üçün xəmir məmulatları, pizza, plov, şirniyyat, kolbasa və ya şəkərli içkilərin qəbulunu tövsiyə etməmişəm.
Son illərdə qeyri-sağlam həyat tərzi ilə əlaqədar istər valideynlərdən, istərsə də yeniyetmələrdən tez-tez eşidilən şikayətlər – həzmsizlik, qarın ağrısı, köp, şirniyyata qarşı güclü istək ("şirniyyat krizləri"), əllərdə titrəmə, üşümə, "toxam, amma doymuram" kimi ifadələr – əksər hallarda şəkərli qidaların və içkilərin gündəlik rasionda həddindən artıq yer tutması ilə bağlıdır.
Bütün yaşlarda, xüsusilə də erkən yaş dövründə paketlənmiş hazır qidaların və qazlı içkilərin hədsiz istehlakı nəticəsində diabet, insulin rezistentliyi, piylənmə, ürək-damar xəstəlikləri və bir sıra endokrinoloji problemlərin artdığı müşahidə olunur. Uşaqlar arasında artıq çəki müşahidə edildikdə, pediatrik sağlamlıq müayinəsi zamanı fiziki aktivlik və qidalanma rejimi araşdırılmalı, ətraflı müayinə aparılmalı, çatışmayan vitamin və mikroelementlər müəyyən edilməli, rasional qidalanma, ekran vaxtı və yuxu planı hazırlanmalı, ehtiyac olduqda isə qidalanma üzrə mütəxəssislərdən məsləhətlər alınmalıdır.
Valideynlər uşaqlara şəkərli və hazır qidaları mükafat kimi verməməli, onları aktiv dinləməli, ünsiyyəti artırmalı və ev həyatında məsuliyyətlər paylaşaraq uşaqların sağlam gələcəyinə töhfə verməlidirlər".
Çimnaz Telmanqızı

Gözəllik salonlarında təhlükəli infeksiyalara yoluxma riskinin araşdırılması və məlumatlandırma məqsədilə onlayn sorğu keçirilir.